Həbsxanadan universitetə - Məhkumlar ali təhsil ala biləcəklər?

Azərbaycanda məhkum olunmuş şəxslərin təhsili ümumi orta və peşə təhsili istiqamətində təşkil olunur. Məhkumlar cəzaçəkmə müəssisələrində məktəb oxuyurlar, həmçinin,müəssisənin nəzdində fəaliyyət göstərən peşə hazırlığı kurslarına cəlb olunurlar. Həmçinin, Prezidentin 25 iyun 2025-ci il tarixli Sərəncamı ilə cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin artırılması və infrastrukturun müasirləşdirilməsi üzrə 2025–2030-cu illər üçün Fəaliyyət Planı da təsdiq edilib.

Lakin onlar ali məktəb üçün keçirilən imtahanlarda iştirak edə bilmir və orada olduqları müddətdə bunu reallaşdıra bilmirlər.

İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Səbinə Əliyeva da 2025-ci il məruzəsində yetkinlik yaşına çatmayan məhkumların universitetlərə qəbul üçün keçirilən imtahanlarda iştirak etmələrini təklif etmişdi. O, yetkinlik yaşına çatmayan məhkumların, habelə xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş məhkumların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edə bilmələri üçün mexanizmin hazırlanmasının vacibliyini vurğulamışdı.

Mövzu barədə danışan vəkil Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, bununla bağlı bəzi ölkələrdə müxtəlif formalar mövcuddur:

“Bir çox inkişaf etmiş ölkələrdə məhkum edilmiş şəxslərin, əsasən də yetkinlik yaşına çatmamış məhkum olan şəxslərin təhsillərini davam etdirməsi, təhsil almaları, peşə öyrənmələri və yaxud ali təhsil almaq imkanlarının genişləndirilməsi ilə bağlı kifayət qədər format var. Bəzi ölkələrdə bu daha geniş yayılıb, bəzi ölkələrdə yeni-yeni aparılan islahatlar çərçivəsində bu imkanlar genişləndirilir. Azərbaycan Respublikasında da məhkum edilmiş şəxslərin, əsasən də yetkinlik yaşına çatmayan məhkum olunmuş şəxslərin təhsillərini davam etdirməsi, peşə öyrənmələri imkanlarının genişləndirilməsi ilə bağlı xüsusi planlar hazırlanır. Bəziləri həyata keçirilir”.

Onun sözlərinə görə, bu sahədə ən çox ciddi problem məhkum edilmiş şəxslərin və yetkinlik yaşına çatmayan məhkumların ali təhsil almaq imkanları ilə bağlıdır:

“Bu imkanlar hazırda demək olar ki, mümkünsüzdür. Belə ki, həmin şəxslərin qəbul imtahanlarında iştirakı ilə bağlı bir metodika hələ ki işlənilməyib və hətta onlar universitetə qəbul olunduqları təqdirdə hansı formada təhsil alacaqları da xüsusi bir istiqamətdir. Bəzi ölkələrdə universitetlər tərəfindən onlayn, yəni kənardan (distant) təhsilin həyata keçirilməsi formatı var. Bu isə Azərbaycanda elə də geniş yayılmayıb.

Düşünürəm ki, qəbul imtahanlarının keçirilməsi və həmin məhkumların qəbul imtahanlarında iştirak etməsini həyata keçirmək kifayət qədər asan məsələdir, amma həmin şəxslərin sonradan qəbul olunacaqları ali təhsil ocaqlarında təhsil almaq imkanları ilə bağlı ziddiyyətlər var. Universitet tərəfindən kənardan təhsilin, təhsil formatının tətbiq edilməsi əlbəttə ki, bu imkanları daha da genişləndirə bilər”.

Günay Şahmar, Bizim.Media