İsrail İranın infrastrukturunu məhv etməyi nəzərdən keçirir - KİV

İsrailin Baş naziri Benyamin Netanyahu İranın infrastrukturunun sistemli şəkildə məhv edilməsini nəzərdə tutan genişmiqyaslı hərbi planı irəli sürüb.

Bu barədə "Ynet" nəşri məlumat yayıb.

Məlumata görə, potensial hədəflər sırasına su və elektrik təchizatı obyektləri, enerji kompleksləri, neft emalı müəssisələri və ölkənin fəaliyyətini təmin edən digər mülki infrastruktur obyektləri daxildir.

Planın həyata keçirilməsi İranın iqtisadi, sənaye və infrastruktur potensialına ciddi zərbə vurmağı hədəfləyir.

Nəşrin məlumatına görə, Tehranda siyasi rejimin dəyişdirilməsinə yönəlmiş strategiyanın uğursuzluğundan sonra İranın həyat təminatı sistemlərinin və istehsal bazasının sıradan çıxarılması variantı nəzərdən keçirilir. Məqsəd ölkənin resurslarını uzunmüddətli perspektivdə tükəndirmək, raket arsenalını bərpa etmək və nüvə proqramını inkişaf etdirmək imkanlarını məhdudlaşdırmaqdır.

Məlumata görə, təşəbbüsü İsrailin ali hərbi komandanlığı və “Mossad” rəhbərliyi dəstəkləyir.

Bununla belə, İsrailin güc strukturlarında planın mümkün nəticələri ilə bağlı narahatlıqlar da ifadə olunur.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də İsrail və ABŞ birgə hərbi əməliyyat həyata keçirərək İrana qarşı hərbi əməliyyatlara başlamışdı.