Yer kürəsində maqnit fırtınası gözlənilir. Geomaqnit aktivliyinin noyabrın 27-də güclənəcəyi və iki gün davam edəcəyi proqnozlaşdırılır.
"UNİAN"-a istinadən, Britaniya Geoloji Xidmətinin məlumatına görə, maqnit fırtınasının gücü G1 səviyyəsinə çatacaq. Ən yüksək aktivliyin noyabrın 27-də qeydə alınacağı gözlənilir.
Alimlərə görə, geomaqnit pozuntularına Günəşin tac dəliyindən gələn yüksək sürətli hissəcik axını səbəb olacaq. Noyabrın 28-də aktivliyin zəifləyəcəyi, 29-da isə maqnit sahəsinin sakit vəziyyətə qayıdacağı proqnozlaşdırılır.
G1 maqnit fırtınası ən zəif kateqoriya hesab olunur. Bununla belə, bəzi insanlar belə dövrlərdə baş ağrısı, yorğunluq, əsəbilik və yuxu pozğunluğundan şikayət edə bilərlər. Qeyd edək ki, maqnit fırtınalarının bu simptomlara birbaşa səbəb olması elmi baxımdan tam təsdiqlənməyib.
Mütəxəssislər bu günlərdə normal yuxu rejiminə riayət etməyi, kifayət qədər su içməyi və fiziki aktivliyi qorumağı tövsiyə edirlər.