Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak Avropa Liqasının ümumi mərhələsinin 5-ci turunda “Beşiktaş”la “Hapoel Ber Şeva” (2:1) arasında keçirilən oyunu zamanı Gürcüstan polisinin hərəkətlərinə reaksiya verib.
Nazir bu barədə sosial mediada yazıb:
“Beşiktaş” icmamızın yanındayıq! Gürcüstan təhlükəsizlik qüvvələrinin bu gün “Beşiktaş” azarkeşlərinə qarşı qeyri-mütənasib müdaxiləsini şiddətlə qınayıram.
Biz idmanın ümumbəşəri dəyərlərinə zidd olan hər hansı bir ayrı-seçkiliyə və ədalətsizliyə qarşıyıq.
Biz Türkiyə idmanının və azarkeşlərimizin hüquqlarını istənilən platformada qətiyyətlə müdafiə etməyə davam edəcəyik”.
“Beşiktaş” və “Hapoel” komandaları arasında oyun təhlükəsizlik səbəbi ilə Gürcüstanın Batumi şəhərində neytral meydanda keçirilib.
Matçın 25-ci dəqiqəsində Türkiyə klubunun azarkeşləri ilə Gürcüstan polisi arasında toqquşma baş verib: azarkeşlər Fələstin tərəfdarı bannerlər açıblar və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Polis bibər qazından istifadə edərək bir neçə azarkeşi yaralayıb. Onlardan biri xərəkdə təcili yardım maşınına aparılıb.
Toqquşma səbəbindən matç yarım saat dayandırılıb. Hakimlər bu müddət ərzində komandaları paltardəyişmə otaqlarına aparıblar.