Ermənistanın yeni konstitusiya layihəsi ətrafında müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sülh gündəliyində Ermənistanın konstitusiyasında əksini tapan ərazi iddialarının aradan qaldırılması əsas şərtlərdən biri kimi gündəmə gətirilir.
Bu məsələnin referendum müstəvisinə çıxarılması isə Ermənistanın daxili siyasi dinamikası, hakimiyyətin parlament imkanları və sülh prosesinə yanaşması ilə bağlı bir sıra suallar doğurur.
Maraqlıdır, Ermənistanda yeni konstitusiyanın qəbulu ilə bağlı referendumun siyasi və parlament maneələri ilə üzləşməsi sülh müqaviləsinin imzalanmasını real olaraq hansı perspektivlə qarşı-qarşıya qoyur?
Paşinyanın bu prosesdəki mövqeyi sülh gündəliyinə sadiqliyinin göstəricisidir, yoxsa konstitusiya məsələsi siyasi manevr imkanına çevrilir?
Mövzu ilə bağlı Moderator.az-a politoloq, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov açıqlama verib.
Politoloq qeyd edib ki, əslində, Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu məsələsini sülh gündəliyi ilə əlaqələndirməsinə baxmayaraq, mənim bu məsələyə münasibətim əvvəldən fərqli olub:
"Hesab edirəm ki, konstitusiya dəyişiklikləri təşəbbüsü yalnız sülh prosesi ilə izah edilə bilməz. Nəzərə almaq lazımdır ki, hələ 2020-ci ildə, İkinci Qarabağ müharibəsindən əvvəl Nikol Paşinyan Ermənistanın konstitusiyasına dəyişikliklər hazırlamış və bununla bağlı referendum keçirməyi planlaşdırmışdı.
Lakin pandemiyanın başlaması və yaranmış epidemioloji şərait ümumxalq səsverməsinin keçirilməsinə imkan vermədi. Həmin dövrdə Paşinyanın Konstitusiya Məhkəməsinin tərkibini öz siyasi maraqlarına uyğun dəyişdirmək niyyəti də mövcud idi.
Ümumilikdə, onun konstitusiya dəyişikliklərinə təşəbbüsü hakimiyyətini möhkəmləndirmək və siyasi mövqelərini daha da gücləndirmək məqsədi daşıyırdı. Lakin o zaman bu planları reallaşdırmaq mümkün olmadı.
Hazırkı mərhələdə konstitusiya dəyişikliklərinin sülh gündəliyi ilə əlaqələndirilməsi isə Paşinyanın bu prosesi məhz sülh təşəbbüsləri kontekstində təqdim etdiyini göstərir. Təbii ki, konstitusiya dəyişiklikləri ilə sülh prosesi arasında müəyyən əlaqə mövcuddur".
Xəyal Bəşirov vurğulayıb ki, bununla belə, həmin dəyişikliklərin yalnız sülh gündəliyindən irəli gəldiyini düşünmək doğru olmazdı:
"Mən hesab edirəm ki, Paşinyanın burada başqa siyasi məqsədləri və niyyətləri də var. O, konstitusiya dəyişiklikləri vasitəsilə bu məqsədlərini reallaşdırmağa çalışır.
Ermənistanda mövcud olan revanşist qüvvələr Paşinyan hakimiyyəti üçün ciddi siyasi çətinliklər yaradır.
Bu qüvvələr müxtəlif məsələləri, o cümlədən vətəndaşlıqdan məhrumetmə mövzusunu gündəmə gətirir. Eyni zamanda, konstitusiyanın preambulasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəalar da dəyişikliklər prosesinin əsas müzakirə predmetlərindən biridir.
Paşinyan, şübhəsiz ki, həyata keçiriləcək dəyişikliklərdən öz siyasi məqsədləri naminə istifadə etməyə çalışacaq. O, referendumun uğursuz nəticələnəcəyi təqdirdə bunu Ermənistan xalqının sülhü istəməməsi kimi təqdim edir.
Lakin hesab edirəm ki, Ermənistan cəmiyyəti də bu məsələdə öz mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Əgər Ermənistan cəmiyyəti İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu qarşısında ağır məğlubiyyətə uğrayan və kapitulyasiya aktını imzalayan baş komandanı iki dəfə ardıcıl olaraq parlament vasitəsilə baş nazir seçibsə, bu, onların Azərbaycanla yenidən düşmənçilik və müharibə yolunu seçmək niyyətində olmadıqlarının göstəricisi kimi qiymətləndirilə bilər.
Ermənistan cəmiyyəti bu mövqeyini konstitusiya referendumu prosesində də nümayiş etdirməlidir. Yalnız bu halda Ermənistan xalqının Azərbaycanla sülhə həqiqətən də səs verdiyini görmək mümkün olacaq. Bu, sülh müqaviləsinin imzalanması perspektivləri baxımından da mühüm mesaj olardı.
Paşinyanın prosesdəki mövqeyinə gəldikdə isə, onun sülh gündəliyinə sadiqliyindən daha çox, bu sadiqlik görüntüsü yaratmağa çalışdığını düşünürəm. Əslində, mövcud proses ona ciddi siyasi manevr imkanları qazandırır.
Paşinyan bu imkanlardan siyasi rəqiblərini zəiflətmək, onların təsir dairəsini məhdudlaşdırmaq və öz hakimiyyətini daha da möhkəmləndirmək üçün istifadə etməyə çalışır. Ermənistanda hazırkı hökumət üçün təhlükə yaradan bir sıra siyasi qüvvələr mövcuddur və Paşinyan onların fəaliyyət imkanlarını mümkün qədər məhdudlaşdırmağa çalışır.
Baş verən proseslərin mahiyyətində də məhz bu siyasi məqsədlər dayanır. Bununla yanaşı, o, özünü sülh prosesinin təşəbbüskarı və fəal siyasi lider kimi təqdim etməyə çalışır".
Pərvin Şakirqızı
Moderator.az/Redaktor