Azərbaycan–Vyetnam dostluğunun mədəni-mənəvi körpüləri Vyetnamın nüfuzlu mediasında işıqlandırılıb

Azərbaycanlı şair-publisist, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalının Azərbaycan–Vyetnam münasibətlərinin tarixi, mədəni-humanitar məzmunu və inkişaf perspektivlərinə həsr olunmuş məqaləsi Vyetnamın nüfuzlu “Nhân Dân” (“Xalq”) qəzetində və Vietnam.vn milli informasiya portalında yayımlanıb.

Vyetnam dilində “TỪ BAKU ĐẾN HÀ NỘI: Những nhịp cầu văn hóa và tinh thần của tình hữu nghị” – “BAKIDAN HANOYADƏK: Dostluğun mədəni və mənəvi körpüləri” başlığı ilə təqdim olunan məqalə 24 noyabr 2026-cı il tarixində oxucuların ixtiyarına verilib. Yazını Vyetnam dilinə Vũ Bá Giáp çevirib.

Məqalənin Vyetnamın mədəni həyatında əlamətdar tarixdə – ilk Milli Mədəniyyət Konfransının 80 illiyinin qeyd olunduğu və Vyetnam Mədəniyyəti Gününün keçirildiyi 24 noyabrda gün üzü görməsi də diqqətəlayiqdir.

“Nhân Dân” qəzetində yayımlanan yazı daha sonra ölkənin Mədəniyyət, İdman və Turizm Nazirliyinin müvafiq qurumu tərəfindən idarə olunan Vietnam.vn milli informasiya platformasında da yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfərinin doğurduğu yeni əməkdaşlıq perspektivləri kontekstində qələmə alınan məqalədə iki ölkə arasındakı münasibətlərin həm də tarixi yaddaş, mədəniyyət, təhsil, ədəbiyyat və xalqlararası ünsiyyət zəminində dəyərləndirilməsinin önəmi vurğulanır.

Ho Şi Minin 1959-cu ildə Bakıya, Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərləri iki xalqın münasibətlərinin tarixi inkişafında mühüm mərhələlər kimi nəzərdən keçirilir.

Müəllif strateji tərəfdaşlığın ictimai-mədəni dayaqlarının möhkəmləndirilməsində yaradıcı aydınların, elm-təhsil ocaqlarının, vətəndaş cəmiyyəti təsisatlarının, ədəbi birliklərin və nəşriyyatların iştirakına xüsusi önəm verir.

Bu baxımdan mədəni diplomatiya dövlətlərarası münasibətlərin tamamlayıcı istiqaməti olmaqla yanaşı, xalqlar arasında qarşılıqlı güvəni və uzunmüddətli mənəvi bağlılığı təmin edən amil kimi səciyyələndirilir.

Yazıda Azərbaycan–Vyetnam mədəni əlaqələrinin tarixində özünəxas yeri olan dahi bəstəkar Qara Qarayevin və tanınmış kinorejissor Əjdər İbrahimovun xidmətlərinə ayrıca diqqət yetirilir.

Qara Qarayevin 1955-ci ildə bəstələdiyi “Vyetnam süitası”, Əjdər İbrahimovun Vyetnam kinematoqrafiyasının təşəkkülü və milli kino kadrlarının hazırlanması sahəsindəki fəaliyyəti dostluq tariximizin sənət müstəvisindəki örnəkləri kimi təqdim olunur.

Əjdər İbrahimovun Vyetnamla bağlı xatirələrinin kitablaşdırılması, Vyetnam dilinə çevrilməsi və Hanoyda təqdim olunması mədəni irsin nəsillərarası ötürülməsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilir.

Məqalədə Azərbaycan ali təhsil ocaqlarında müxtəlif dönəmlərdə oxumuş beş minə yaxın vyetnamlı mütəxəssisin iki xalq arasında ictimai-mənəvi yaxınlığın formalaşmasındakı rolundan da söz açılır.

Bu tarixi təcrübə təhsil diplomatiyasının uzunmüddətli nəticələrini, insan kapitalına qoyulan yatırımın dövlətlərarası münasibətlərdə yaratdığı güvəni və qarşılıqlı anlaşmanı göstərən örnəkdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 2025-ci ildə Ho Şi Minin xatirə otağının açılması, 2026-cı ildə Azərbaycanda Vyetnam Günləri çərçivəsində keçirilən tədbirlərin coğrafiyasının Bakıdan Qəbələyədək genişlənməsi mədəni-humanitar işbirliyinin çağdaş təzahürləri sırasında vurğulanır.

Əkbər Qoşalı məqalədə bilavasitə iştirakçısı olduğu beynəlxalq ədəbi-mədəni təşəbbüslərdən birinə – tanınmış Vyetnam şairi May Van Fanın (Mai Văn Phấnın) “Mặt trời mọc” – “Günəşin doğuşu” şeirlər kitabının 2022-ci ildə Bakıda nəşrinə də yer ayırıb.

Mərhum millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri (mart, 2020-sentyabr, 2023) olmuş Qənirə Paşayevanın layihə rəhbərliyi, şair-tərcüməçi Afaq Şıxlının tərcüməsi, Afaq Şıxlı və Əkbər Qoşalının redaktorluğu ilə gerçəkləşdirilən bu nəşr Azərbaycan–Vyetnam ədəbi əlaqələrinin inkişafına yönəlmiş təşəbbüslərdən biridir.

Həmin layihənin timsalında bədii tərcümənin fərqli mədəniyyətlərin dünyaduyumunu, tarixi təcrübəsini və mənəvi dəyərlərini bir-birinə yaxınlaşdırdığı önə çəkilir.

Məqalənin özünəxas cəhətlərindən biri də tarixi-mədəni faktların müəllifin şəxsi yaddaşı ilə əlaqələndirilməsidir.

Əkbər Qoşalı ötən yüzilliyin 90-cı illərində Bakıda yaşadığı Gənc Mütəxəssislər Evinin yerləşdiyi küçənin Vyetnamın dənizsahili şəhəri Vunqtau (Vũng Tàu) adını daşıması ilə bağlı xatirəsini bölüşür.

Bu şəxsi xatirə şəhər toponimikasının, gündəlik yaşamın və fərdi yaddaşın xalqlararası münasibətlərin tarixini yaşadan qaynaqlardan biri olması kontekstində anlamlandırılır.

Məqalənin yekun bölümündə Azərbaycan–Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin mədəni-humanitar işbirliyi qarşısında açdığı yeni imkanlar nəzərdən keçirilir.

Qarşılıqlı bədii tərcümə layihələrinin genişləndirilməsi, ortaq nəşrlərin hazırlanması, yazıçı və sənət adamlarının qarşılıqlı səfərlərinin təşkili, universitetlər, elmi-araşdırma ocaqları və yaradıcı təşkilatlar arasında əlaqələrin gücləndirilməsi perspektivli fəaliyyət istiqamətləri kimi göstərilir.

Əkbər Qoşalının məqaləsində irəli sürülən başlıca fikir bundan ibarətdir ki, dövlətlərarası münasibətlərin davamlılığı siyasi iradə və iqtisadi maraqlarla yanaşı, xalqların bir-birini tanıması, anlaması və mədəni dəyərlərinə sayğı göstərməsi ilə şərtlənir.

Məqalənin Vyetnamın aparıcı mətbuat orqanlarında yayımlanması Azərbaycan mədəniyyətinin xaricdə tanıdılması, ölkəmizin mədəni diplomatiya təcrübəsinin beynəlxalq auditoriyaya çatdırılması, habelə Azərbaycan–Vyetnam dostluğunun ictimai və ədəbi-mədəni məzmununun zənginləşdirilməsi baxımından önəmlidir.

Bakı ilə Hanoy arasındakı coğrafi məsafəni yaxınlaşdıran amillərdən biri də məhz musiqinin, kinonun, poeziyanın, təhsilin və insan yaddaşının yaratdığı mənəvi körpülərdir. Bu körpülərin qorunması və yeni məzmunla zənginləşdirilməsi iki xalqın gələcək nəsilləri qarşısında ortaq mədəni məsuliyyətdir.

https://www.vietnam.vn/nhung-nhip-cau-van-hoa-va-tinh-than-cua-tinh-huu-nghi

https://nhandan.vn/nhung-nhip-cau-van-hoa-va-tinh-than-cua-tinh-huu-nghi-post1004755.html