Son illər marketlərdə satılan hazır salatlara maraq artıb. Vaxta qənaət etmək istəyən və yemək hazırlamağa vaxtı olmayan insanlar bu məhsullara tez-tez üstünlük verirlər. Lakin hazır salatların nə dərəcədə təhlükəsiz olması, hansı şəraitdə hazırlanıb saxlanılması istehlakçılar üçün ciddi suallar doğurur.
Bəs marketlərdə satışa çıxarılan hazır salatların keyfiyyəti və saxlanma şəraiti nə dərəcədə təhlükəsizdir? Onların istehlakı sağlamlıq üçün hansı riskləri yarada bilər?
Qida eksperti Fərid Səfərov Redaktor.az-a bildirdi ki, marketlərdə satışa çıxarılan hazır salatlar vaxta qənaət baxımından əlverişli olsa da, bu məhsulların istehlakı zamanı qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir:
"Çünki hazır salatlar çox vaxt bişmiş tərəvəzlərdən, yumurta, toyuq əti, balıq, mayonez və digər tez xarab olan inqrediyentlərdən hazırlanır. Bu komponentlərin düzgün saxlanılmaması və ya hazırlanma zamanı gigiyenik qaydalara əməl edilməməsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yarada bilər.
Xüsusilə mayonezli, toyuq və yumurta tərkibli salatlarda Salmonella, Listeria və digər patogen mikroorqanizmlərin yaranması və çoxalması riski nəzərə alınmalıdır. Çiy tərəvəzlər lazımi qaydada yuyulmadıqda torpaq mənşəli bakteriyalar və digər çirkləndiricilər də məhsula keçə bilər. Bu isə qida zəhərlənmələrinə, ürəkbulanma, qusma, ishal və digər həzm sistemi problemlərinə səbəb ola bilər".
Onun sözlərinə görə, hazır salatların təhlükəsizliyində əsas şərtlərdən biri soyuq zəncirin qorunmasıdır:
"Belə məhsulların istehsaldan satışa və istehlakçıya çatdırılana qədər, bir qayda olaraq, 5°C və ya daha aşağı temperaturda saxlanılması tövsiyə olunur. Eyni zamanda salatların hazırlanma tarixi, son istifadə müddəti, tərkibi və saxlanma temperaturu göstərilməlidir. İstehlakçılar qablaşdırmanın bütövlüyünə, məhsulun görünüşünə və qoxusuna da diqqət yetirməlidirlər. Lakin qeyd etmək lazımdır ki, məhsulun normal görünməsi və qoxusu onun mikrobioloji baxımdan təhlükəsiz olduğuna zəmanət vermir".
Ekspert hazır salat alarkən istehsalçı və satış məntəqəsinin etibarlılığına, eləcə də məhsulun saxlanma şəraitinə diqqət yetirməyi tövsiyə etdi:
"Xüsusilə son istifadə müddəti bitmiş, qablaşdırması zədələnmiş və ya soyuducudan kənarda saxlanılan salatlardan istifadə edilməməlidir. Həmçinin açılmış məhsul uzun müddət saxlanılmamalı, etiketdə göstərilən saxlama və istehlak qaydalarına əməl olunmalıdır. Unutmaq olmaz ki, hazır salatın rahatlığı onun təhlükəsizliyindən üstün tutulmamalıdır".