Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağdan köçmüş vətəndaşların yeni biometrik pasportlarında “doğum yeri” qrafasında “Azərbaycan” sözünün yazılması sülh sazişinin prinsiplərinə əməl olunması və yeni hərbi itkilərin qarşısının alınması deməkdir.
O, bu barədə noyabrın 26-da hökumətin iclasından sonra keçirilən brifinqdə, Qarabağadan könüllü gələn ermənilərin narazılığını və etiraz aksiyalarını şərh edərkən danışıb.
Nikol Paşinyanın sözlərinə görə, sənədlərin əvvəlki qaydada rəsmiləşdirilməsi Bakı ilə paraflanmış sülh sazişinin müddəalarına uyğun deyil.
O, mövcud vəziyyəti belə ifadə edib:
“Ya İrəvandakı hərbi panteon olan ‘Yerablur’ genişlənməlidir, ya da biz paraflanmış sülh sazişinin prinsipləri çərçivəsində qalmalıyıq”.
Ermənistan hökumətinin başçısı bildirib ki, hərbi panteonun ərazisinin iki il səkkiz ay ərzində genişlənmədiyi ilk ölkə rəhbəridir.
Bundan əvvəl Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və Miqrasiya və Vətəndaşlıq Xidməti doğum yeri qrafasında Azərbaycanın göstərilməsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ISO 3166 standartlarının tələbləri ilə əlaqəli olduğunu bildirmişdilər.
Həmin qaydalara əsasən, sənədlər doldurularkən ərazilərin beynəlxalq səviyyədə tanınması və digər dövlətlərin viza siyasəti nəzərə alınır.
Xatırlaadq ki, Ermənistan vətəndaşlığı almış Qarabağ ermənilərinin yeni biometrik pasportlarında doğum yerinin göstərilməsi qaydasının dəyişdirilməsi İrəvanda hökumət binası qarşısında etirazlara səbəb olub.
Aksiya iştirakçıları pasportlarda doğum yerinin qeyd olunması qaydasının dəyişdirilməsini tələb edirlər.