Cəmil Quliyev: Elmira Şabanova heç kimin qarşısında baş əyməyən, sənətinə sadiq insan idi

Bu gün Azərbaycan kinematoqrafiyası və teatr sənəti üçün çox böyük itki baş verib. Hamımızın sevdiyi, gözəl aktrisamız vəfat edib.

Bunu Xalq artisti Elmira Şabanova ilə vida mərasimində əməkdar incəsənət xadimi Cəmil Quliyev deyib.

"Elmira xanımın həyat yolu zəhmət və iradə üzərində qurulub. O, heç kimin qarşısında baş əyməyən, öz sənətinə və prinsiplərinə sadiq bir insan idi. Teatr sənətinin incəliklərini tələbələrinə dərindən və böyük həvəslə öyrədirdi. O, təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınırdı.

Elmira xanıma kino sahəsindən çoxsaylı təkliflər gəlsə də, o, pedaqoji fəaliyyəti seçdi və öz bilik və təcrübəsini gənc nəslə ötürməyə üstünlük verdi. Bu gün onun yetişdirdiyi çoxsaylı tələbələr sənət yolunu davam etdirirlər", - deyə C.Quliyev əlavə edib.

Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri Hacı İsmayılov deyib ki, Elmira Şabanova təkcə Azərbaycan mədəniyyətindən, kino sənətindən deyil, həm də teatr sənətindən ayrıldı:

"Azərbaycan teatr rejissorlarının bir çoxu onu öz səhnəsində görmək, teatra dəvət etmək istəyirdi. Lakin müəyyən səbəblərdən bu, reallaşmadı. Əgər həmin dəvətlər gerçəkləşsəydi, Elmira xanım teatr sahəsində də tanınmış və sevilən aktrisalardan biri olacaqdı. Teatr ictimaiyyəti adından Elmira xanımın ailəsinə dərin hüznlə başsağlığı veririk".