Ukrayna dünyada ilk dəfə döyüş lazeri texnologiyasından istifadə etməklə reaktiv mühərrikli hücum dronunu vurub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müdafiə texnologiyalarının inkişafı üzrə müşaviri Sergey (Fleş) Beskrestnov “Facebook” sosial şəbəkəsində məlumat verib.
O, “Carmin Sky” şirkətinin “Blysk” hava hücumundan müdafiə lazer qurğularının döyüş şəraitində ilk nəticələrini göstərdiyini bildirib.
“Bu yaxınlarda kritik infrastruktur obyektinin müdafiəsi üçün quraşdırılmış döyüş lazeri dünyada ilk dəfə reaktiv dron olan “Geran”ı vurub”, – deyə Fleş vurğulayıb.
Bununla yanaşı, mütəxəssis lazerin seriyalı istehsalından danışmaq üçün hələ tez olduğunu bildirib.
“Sınaqlar davam edir. Bu sınaqlar zamanı lazerlər kritik infrastruktur obyektlərini qoruyur”, – deyə Beskrestnov qeyd edib.