Somali üçün nəzərdə tutulan humanitar yardım planının cəmi 36 faizi maliyyələşdirilib.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib.
Sözçü bildirib ki, BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) rəsmiləri Somalidə milyonlarla insanın yardımdan məhrum qalması ilə bağlı həyəcan təbili çalır. Onun sözlərinə görə, maliyyə çatışmazlığı və bölgəyə giriş məhdudiyyətləri BMT-ni və humanitar tərəfdaşlarını əməliyyatları azaltmağa məcbur edib.
Dujarrik qeyd edib ki, BMT və tərəfdaşları bu ilin yanvar-oktyabr aylarında təxminən 920 min insana yardım çatdırıblar. Bu isə yardıma ehtiyacı olan 2,4 milyondan çox insanın yalnız 38 faizini təşkil edir.
Dujarrik həmçinin bildirib ki, yanvarda ölkədə yardım alanların sayı 1,1 milyondan çox idisə, iyul-sentyabr aylarında bu rəqəm orta hesabla aylıq 411 500 nəfərə düşüb. O, həmçinin maliyyə çatışmazlığı səbəbindən Somali üzrə ən azı 233 qidalanma mərkəzinin bağlandığını vurğulayıb.