Azərbaycanda 34 mal kateqoriyası üzrə 47 texniki reqlament layihəsi hazırlanıb

Azərbaycanda "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 34 mal kateqoriyası üzrə ümumilikdə 47 texniki reqlament layihəsi hazırlanıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Elməddin Quluyev deyib.

O bildirib ki, hazırlanan layihələrdən 7-si bilavasitə Agentlik tərəfindən, qalan 40-ı isə aidiyyəti dövlət qurumları ilə birgə ərsəyə gətirilib.

Prezidentin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş sözügedən Dövlət Proqramı milli texniki reqlamentlərin qəbulunu nəzərdə tutur.

Mallara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair məcburi tələbləri müəyyən edən texniki reqlamentlər texniki-normativ hüquqi akt hesab olunur.