"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona"ya qarşı keçirdikləri matçda futbolçularının üzləşdiyi çətinlikləri anladığını bildirib.
Litvalı mütəxəssis bunu oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, qarşılaşmaya yaxşı başladıqlarını və ilk hissədə rəqibə boş zonalar verməməyə çalışdıqlarını bildirib:
"Oyundan əvvəl də bildirmişdim ki, əlimizdən gələnin ən yaxşısını etməliyik və bu matçda meydanda maksimum gücümüzü ortaya qoymalıyıq. Qarşılaşmaya kifayət qədər yaxşı başladıq. İlk hissədə rəqibə boş zonalar verməməyə çalışırdıq.
Mən meydanın kənarında, oyuna ən yaxın məsafədə dayanan şəxsəm. Onların topu necə ötürdüklərini, necə hərəkət etdiklərini və topun hansı sürətlə irəlilədiyini görürdüm. Futbolçularımın meydanda nələr yaşadığını, boşluqları bağlamaq və rəqib oyunçuları qarşılamaq üçün nə qədər güc sərf etdiklərini təsəvvür edə bilirdim".
Baş məşqçi görüş ərzində bir neçə qol epizodları yaratdıqlarını söyləyib:
"Təbii ki, bizim də qol imkanlarımız olacaqdı. Heç bir komanda meydana məğlub olmaq niyyəti ilə çıxmır. Standart vəziyyətlərdən bir neçə qol imkanı yaratdıq. Ancaq bu, kifayət etmədi. Mövqeli hücumlar zamanı isə demək olar ki, heç nə edə bilmədik. Bununla belə, müsbət məqamlar da az deyil. Onlardan nəticə çıxara və gələcəkdə yerli çempionatın oyunlarında istifadə edə bilərik".
Qeyd edək ki, "Sabah" – "Barselona" matçı İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.