Bayramov və Budris Bakıda Avropa vizasından danışdı

"Konkret nəticələrə nail olmaq istədiyimiz bir sıra istiqamətlər var. Bunlardan biri viza rejiminin sadələşdirilməsidir. Bu sahədə müvafiq hüquqi proseslərə başlamaq lazımdır". AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

O bildirib ki, digər istiqamət Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı ortaq prioritetlərdir.

"Şübhəsiz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Sazişinin nəzərdən keçirilməsi də gündəliyimizdə duran məsələlərdəndir", - litvalı nazir vurğulayıb.

"Litvanın Aİ Şurasına sədrliyi viza liberallaşması gündəliyinin irəli aparılması üçün əlverişli fürsətdir". APA agentliyinin məlumatına görə, bunu isə Azərbaycanın xarici işlər naziri C.Bayramov deyib.

Nazir Litvanın viza liberallaşması prosesinə verdiyi dəstəyi yüksək dəyərləndirib və bunu Azərbaycanın mövqeyi ilə səsləşən mühüm mesaj adlandırıb.

O əlavə edib ki, Aİ-nin mövcud qaydalarına görə, ayrı-ayrı üzv ölkələr müstəqil viza və viza liberallaşması siyasəti yürütmür, bu proses ümumilikdə icra olunur: "Bununla belə, üzv ölkələrin mövqeləri böyük əhəmiyyət kəsb edir".

Bayramovun sözlərinə görə, Litva 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrlik edəcək və bu da məsələnin irəli aparılması üçün yaxşı imkan yaradır, həmçinin hər iki tərəfə fayda verə bilər.

Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə səfərləri təkcə turizmlə məhdudlaşmır, xüsusilə təhsil və biznes sahələrində intensiv gediş-gəliş müşahidə olunur.