Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kredit çərçivəsində 45 milyard avro maliyyə yardımı ayrılmasını təsdiqləyib. Vəsaitin 2027-ci il ərzində təqdim edilməsi nəzərdə tutulur.
Bu barədə Aİ-nin Rəsmi Jurnalında dərc olunan qərarda bildirilib.
Sənəddə qeyd olunur ki, Ukraynaya 2027-ci il yanvarın 1-dən dekabrın 31-dək 45 milyard avroyadək maliyyə yardımı göstəriləcək.
Xatırladaq ki, noyabrın 16-da Aİ Şurası “Ukraine Facility” proqramı çərçivəsində Ukraynaya təxminən 8 milyard avro maliyyə yardımı ayrılmasını təsdiqləyib. Bu, proqram çərçivəsində Kiyevə birdəfəlik ödəniləcək ən böyük məbləğ olacaq. Qərar Ukrayna hökumətinin daxili qanunvericiliyin islahatları ilə bağlı 20-dən çox şərti yerinə yetirməsindən sonra qəbul edilib.
Bundan əvvəl Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin layihəsini təqdim edib. Layihədə Rusiya komandalarının və idmançılarının Aİ ərazisində keçirilən yarışlarda Rusiya bayrağı altında və dövlət adından çıxış etməsinin, həmçinin idman tədbirlərində ölkənin rəsmi simvollarının nümayişinin qadağan olunması təklif edilir.