Tarixi qapının əvəzinə onun şəkili olan örtük vurdular

Bakı şəhərində sökülən tarixi qapının əvəzinə şüşə qapı üzərinə əvvəlki taxta qapının təsviri olan yapışqanlı örtük vurulduğu iddia edilir.

Ölkə.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Xatırladaq ki, paytaxtın Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 9 ünvanında yerləşən memarlıq abidəsinin (№ 3426 Siyahıda) tarixi qapısı sökülərək şüşə konstruksiya ilə əvəz edilmişdi.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti faktı təsdiq etmiş və Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən yerli əhəmiyyətli memarlıq abidəsinə baxış keçirilərkən binanın birinci mərtəbəsində qanunsuz müdaxiləyə yol verildiyi, giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəz edildiyinin aşkarlandığını bildirmişdi.

Açıqlamada həmçinin abidəyə dəymiş ziyanın ödənilməsi və onun ilkin görkəminə qaytarılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunmuşdu.

Qeyd edək ki, abidələr reyestrində sözügedən bina 1896-cı ilə aid "Yaşayış evi" kimi qeydə alınıb.