Özcan Deniz və digər məşhurlar məhkəməyə aparıldı -YENİLƏNİB

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı ilə bağlı yeni məlumat yayılıb.

Xarici KİV-ə istinadən, saxlanılan 24 nəfərin polis idarəsindəki prosedurları başa çatıb.

Onlar tibbi müayinədən keçirildikdən sonra məhkəmə binasına aparılıblar.

Saxlanılanlar arasında Özcan Deniz, Deniz Çakır, Burcu Özberk, Murat Ceylan, Cansu Taşkın, Murat Başoğlu və digər tanınmış simalar da var.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Əməliyyat şahid ifadələri, ələ keçirilən mobil telefonlar və rəqəmsal materiallar üzərində aparılan ekspertizaların nəticələri, eləcə də gizli şahidlərin ifadələri əsasında həyata keçirilib.

Narkotik vasitələrdən istifadə etməkdə və ya onları saxlamaqda şübhəli bilinən digər 11 nəfərin axtarışı davam etdirilir.

Hələlik məhkəmə binasına aparılan şəxslər barəsində hansı qərarın veriləcəyi məlum deyil.

***

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılanların sayı artıb.

Türkiyənin mediasına istinadən, “İşte Benim Stilim” yarışması ilə tanınan Özden Cerrahoğlu da saxlanılıb.

Bununla da saxlanılanların sayı 24-ə çatıb.

Barələrində saxlanılma qərarı verilən digər 11 nəfərin axtarışı davam etdirilir.

Saxlanılan şəxslər tibbi müayinədən keçirildikdən sonra narkotik testinə cəlb ediliblər. Müvafiq prosedurlar başa çatdıqdan sonra onların prokurorluğa göndərilməsi gözlənilir.

***

Türkiyədə şou-biznes nümayəndələrinə qarşı narkotik vasitələrlə bağlı keçirilən əməliyyatların yeni dalğası başlayıb.

Türkiyə mətbuatına istinadən, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Saxlanılanlar arasında məşhur müğənni və aktyor Özcən Dəniz, aktrisalar Burcu Özberk və Dəniz Çakır, “Survivor” yarışmasının aparıcısı Murat Ceylan, rejissor Cem Karcı, aparıcı Murat Başoğlu və model Cansu Taşkın da var.

Prokurorluğun məlumatına görə, əməliyyat şübhəli şəxslərin ifadələri, şahidlərin açıqlamaları, mobil telefonlarda və digər rəqəmsal materiallarda aparılan ekspertizalar, eləcə də gizli şahidlərin ifadələri əsasında həyata keçirilib.

İstintaq ümumilikdə narkotik vasitələrin istifadəsi, saxlanılması, qanunsuz dövriyyəsi və fahişəliyin təşkili ilə bağlı araşdırmaları əhatə edir. Son əməliyyatda isə 35 nəfər narkotik vasitələrdən istifadə və ya onları saxlama şübhəsi ilə axtarılırdı.

Saxlanılanların sayı 23-ə çatıb

Noyabrın 25-də yayılan son məlumata əsasən, ilkin olaraq 19 nəfərin saxlanıldığı bildirilsə də, sonradan onların sayı 23-ə çatıb.

Özcən Dənizin vəkilləri ilə birlikdə ifadə vermək üçün məhkəmə binasına gəldiyi də bildirilir. Sənətçi ifadəvermə proseduru başa çatdıqdan sonra açıqlama verəcəyini deyib.

Əməliyyat çərçivəsində saxlanılanların tam siyahısı:

Dəniz Sözen, Mehmet Can Karcı, Murat Ceylan, Dəniz Çakır Baykal, Pınar Bent, Ceylan Kaya, Işıl Işık Demir, İbrahim İzzet Özilhan, Burhan Karaca, Cem Güler, Erdal Bozkuş, İbrahim Yılmaz, Özcən Dəniz, Saghar Shojaei, İlknur Şahin, Burcu Özberk, Meltem Özkayadan, Seher Grothe Sevdişan, Murat Başoğlu, Ufuk Gündoğdu, Onur Yüksel, Cansu Taşkın və Muammer Kapucuoğlu.

Qeyd edək ki, Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı silsilə əməliyyatlar 2025-ci il oktyabrın 8-dən davam edir.

Saxlanılan şəxslərin təqsiri hələ məhkəmə qaydasında sübuta yetirilməyib. İstintaq davam etdirilir.