“Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklər hakimlərin iş yükünün azalmasına imkan verəcək.
Bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat, iddia qiyməti 1000 manatadək olan qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə isə 30 manat təşkil edir.
Əmr icraatı üzrə dövlət rüsumunun məbləğinin iddia icraatı üzrə ödənilən dövlət rüsumundan daha yüksək olması məhkəmə əmri üzrə icraatın hüquqi müdafiə vasitəsi kimi praktik cəlbediciliyini əhəmiyyətli dərəcədə azaldıb.
Sənan Hacıyev qeyd edib ki, belə olan halda mülki işlər üzrə iddianın qiyməti 5000 manatadək, kommersiya işləri üzrə isə 10000 manatadək olan mübahisəsiz tələblərlə bağlı məhkəməyə müraciət edən şəxslər sadələşdirilmiş icraat qaydasını seçmək məcburiyyətində qalırlar. Nəticədə hüquqi mübahisənin faktiki mövcud olmadığı hallarda belə işin mahiyyəti üzrə araşdırılması zərurəti yaranır ki, bu da lüzumsuz resurs itkisinə və məhkəmələrin iş yükünün artmasına səbəb olur.
Kollegiya sədri qiymətləndirilən iddialar üzrə məhkəmə aktlarından verilən şikayətlərə görə dövlət rüsumunun hesablanması qaydasına təklif olunan dəyişikliklərin əhəmiyyətinə də toxunub.
O bildirib ki, məhkəmə aktının yalnız bir hissəsi mübahisələndirildiyi halda dövlət rüsumunun iddianın digər hissəsini də əhatə etməsi hüquqi müdafiə vasitəsinin mahiyyəti ilə onun həyata keçirilmə şərtləri arasında tarazlığı pozur. Bu isə tərəflərin məhkəmə aktından şikayət vermək hüququnun formal mövcudluğunu saxlasa da, həmin hüquqdan real və mənalı istifadənin əlçatanlığını təmin etmir.
Bu baxımdan, qiymətləndirilən iddialar üzrə dövlət rüsumunun yalnız mübahisələndirilən hissə əsasında, qiymətləndirilməyən iddialar üzrə isə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində tutulması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, tərəflər üçün ədalətli və proporsional rüsum yükünün formalaşdırılmasına xidmət edəcək.
Qanun layihəsinin gözlənilən nəticələrindən bəhs edən Sənan Hacıyev vurğulayıb ki, əmr icraatı üzrə dövlət rüsumunun məbləğinin azaldılması, xüsusilə sosial baxımdan həssas əhali qruplarının, habelə həmin şəxslərlə mülki-hüquqi münasibətlərə daxil olan sahibkarlıq subyektlərinin ədalət mühakiməsinə çıxış imkanlarını genişləndirəcək, onların iqtisadi dövriyyəsinin çevikliyinin təmin edilməsinə şərait yaradacaq.
Eyni zamanda təklif olunan dəyişikliklər ədalət mühakiməsinin ümumi səmərəliliyinin yüksəldilməsinə, işlərə daha operativ baxılmasına, hakimlərin iş yükünün rasional şəkildə azaldılmasına, onların vaxt və peşəkar potensialının daha mürəkkəb hüquqi mübahisələrin həllinə yönəldilməsinə imkan verəcək.
Kollegiya sədri, həmçinin qeyd edib ki, hüquqi təbiəti etibarilə aşkar və mübahisəsiz tələblər üzrə həyata keçirilən əmr icraatının praktik cəlbediciliyinin artırılması bu sahədə müasir informasiya texnologiyalarının tətbiqi üçün institusional və texniki əsaslar formalaşdıracaq, məhkəmə icraatında vahid yanaşmanın, operativliyin və keyfiyyətin yüksəldilməsinə əlavə töhfə verəcək.
Qeyd edək ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin edilməsi məsələsi Milli Məclisin müzakirəsinə çıxarılıb.
Təklif olunan dəyişikliklərə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləğinin 100 manatdan 25 manata endirilməsi, habelə qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun iddianın yalnız mübahisələndirilən hissəsi əsasında müəyyən edilməsi nəzərdə tutulur.