Braziliya kəşfiyyatı 31 iri cinayətkar təşkilatı aşkarlayıb

Braziliyanın Kəşfiyyat Agentliyi (ABIN) ölkədə fəaliyyət göstərən 31 böyük cinayətkar təşkilatı müəyyənləşdirib.

"Report"un xəbərinə görə, bu barədə "Metropoles" portalı məlumat yayıb.

Sənədə əsasən, qruplaşmaların 75 regional şöbəsi Braziliyada fəaliyyət göstərir ki, bunlardan 12-si dövlət üçün ən böyük təhlükə yaradır, digər 20-si isə yüksək səviyyədə təhlükə ilə xarakterizə olunur.

Mütəxəssislər ümummilli miqyasda fəaliyyət göstərən üç cinayətkar təşkilatı müəyyən ediblər.

Bunlardan ən böyüyü, mərkəzi San Pauluda yerləşən "Birinci Paytaxt Komandanlığı" ("Primeiro Comando da Capital", PCC) 22 ştatda fəaliyyət göstərir.

Onun əsas rəqibi olan "Qırmızı Komandanlıq" (Comando Vermelho, CV) 19 ştatda fəaliyyət göstərir və şəhər əraziləri və narkotik ticarəti üzərində nəzarəti bərqərar etməyə çalışır.

Hər iki qrup 17 ştatda mövcuddur və onlar arasında müntəzəm olaraq toqquşmalar baş verir.