"Meydanı ələ keçirmək təklifini rədd etdim: "KQB" adamların qanını tökdürüb bunu Xalq Cəbhəsinin üstünə yıxardı...”

"Meydanı Nemət Pənahlının vasitəsilə idarə edir, xalqı meymun kimi oynadırdılar...”

“SSRİ-ni dağıtmaq yox, demokratikləşdirmək istəyirdik, amma buna imkan vermədilər...”

1988-ci il noyabrın 17-də Bakıda, o vaxt "Lenin meydanı" adlanan indiki Azadlıq meydanında başlayan və dekabrın 5-dək davam edən mitinqlər Azərbaycan tarixinin ən mühüm və eyni zamanda ən çox mübahisə doğuran hadisələrindən biri hesab olunur. Sonradan ilk günü -17 noyabr tarixi Milli Dirçəliş Günü kimi rəsmiləşdirilən bu hadisələrin necə və kimlər tərəfindən təşkil edilməsi ətrafında müzakirələr bu gün də səngimək bilmir. Meydan hərəkatının başlanğıcında xalqın kortəbii etirazının, yoxsa müəyyən siyasi qüvvələrin məqsədyönlü təşkilatçılığının əsas rol oynaması ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Həmin günlərdə Azərbaycan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin rəhbərlərindən biri olmuş, keçmiş ASDP sədri Zərdüşt Əlizadə isə baş verən proseslərə fərqli siyasi qiymət verir. O, Moderator.az-a müsahibəsində ilk mitinqin təşkilatçıları, Topxana hadisələri ətrafında yaradılmış ictimai ajiotaj, Meydan hərəkatının idarə olunmasında iştirak etdiyini düşündüyü siyasi qüvvələr və o dövrün hakimiyyət daxilindəki ziddiyyətləri barədə danışıb.

(Əvvəli burada: )

-Zərdüşt bəy, “İkinci respublikanın sonu” adlı kitabınızın 1988-ci il (17 noyabr – 5 dekabr) Meydan hərəkatı adlanan proseslərdən bəhs edən hissəsində yazırsınız ki, mitinqlər zamanı sizə yaxınlaşaraq “Buraya toplaşan camaatı uşaq kimi aldadıb oynadırlar. Onları dresirovka edirlər. Meydan maşın kimi idarə edilir. Nemətin özü kukladır, amma xalq elə bilir ki, onu Nemət idarə edir”, – deyən naməlum bakılı kişi kim idi? Adını, soyadını demədi sizə?

— Xeyr, o, özünü təqdim etmədi. Sadəcə, mənə təklif etdi ki, onun əlinin altında cavanlar var və əgər razı olsam, meydanın idarəçiliyini öz üzərimə götürsəm, yarım saat ərzində Nemət Pənahlının adamlarını meydandan yığışdıra bilərik. Mən də yaxınlıqda olan Xalq Cəbhəsi Müvəqqəti Təşəbbüs Mərkəzinin (MTM) üzvlərini toplayıb dedim ki, belə bir təklif var: biz meydanı ələ alaq. Məndən soruşdular ki, Nemətin arxasında kim dayanır? Cavab verdim ki, “KQB”. Dedilər ki, sən “KQB”yə qalib gələ bilərsən? Dedim, yox. Dedilər ki, “KQB” neçə adamın qanını tökdürər, sonra da bunu Xalq Cəbhəsinin üstünə yıxar... Mən də gördüm ki, əksəriyyət razılaşmır və deyilənlərdə məntiq var. Ona görə də həmin kişiyə “yox” dedim. O da çıxıb getdi və bir daha onu görmədim...

— Bəs siz heç maraqlanmadınız ki, bu adam kimdir, onu kimlər göndərib?

— Xeyr. Çünki bunu soruşmaq mənasız idi. Mənə desəydi ki, filankəsəm, bunu necə yoxlaya bilərdim? Sadəcə, hiss etdim ki, ciddi, sanballı adama oxşayır. Yaxınlaşıb bildirdi ki, meydanın idarə olunması mexanizmini görür və Nemətin vasitəsilə xalq kütlələrini meymun kimi oynatdıqlarının fərqindədir... Doğrudan da, əgər mitinqlərin Nemətin idarəçiliyinə keçməsindən sonrakı şüarları, çıxışları xatırlasaq (ötən söhbətimizdə bu haqda danışmışdıq), görərik ki, o adamın dedikləri gerçək idi...

— Ola bilərmi ki, həmin adam sizin potensialınızdan istifadə edərək meydanı ələ keçirmək istəyən digər qüvvələrdən birinin nümayəndəsi olsun?

— Onu mən bilmirəm. Mən yalnız onu bilirəm ki, baş verən hadisənin mahiyyəti meydan hərəkatından istifadə edərək xalqı aldatmaq, dolamaq, o vaxtkı respublika rəhbəri Vəzirovu gözdən salmaq və mərkəzlə Azərbaycan arasındakı uçurumu daha da dərinləşdirmək idi. Bu, Moskvada da kimlərəsə sərf edirdi. Çünki orada Qorbaçov və Yakovlev SSRİ-ni dağıtmaq istəyirdilər. Bu, Vəzirovu yıxıb hakimiyyəti və ümumxalq mülkiyyətini ələ keçirmək istəyənlərə sərf edirdi. Bu, çox adama sərf edirdi...

Biz isə SSRİ-ni saxlamaq, amma onu demokratikləşdirmək istəyirdik. Yəni, böyük potensiala malik bir quruluşu demokratik əsaslarla yenidən qurmaq istəyirdik. Avropa İttifaqının malik olduğu potensialdan da yüksək bir potensialın yaranmasını arzulayırdıq.

Biz bunu etmək istəyirdik. Mənimlə yanaşı, bir neçə nəfər də bu mövqedə idi. Amma buna imkan vermədilər. Çünki özlərini elita hesab edənlərin çoxu hakimiyyəti xalqa qaytarmaq, ölkəni demokratikləşdirmək, islahatlara aparmaq istəmirdi. Odur ki, SSRİ-də mövcud olmuş avtoritar quruluş indi də əksər postsovet respublikalarında davam edir. Onlarda həmin partnomenklatura hakimiyyətdədir. Rusiyada “KQB” – “FSB” hakimiyyətdə oturub, digərlərində də onun şöbələri... Yəni, SSRİ dövründəki hakimiyyətlərin mahiyyəti dəyişmədi...

— Sizin noyabrın 19-da meydanda SSRİ-ni demokratikləşdirmək, ermənilərlə bir-birimizə qarşı çıxış etmək əvəzinə, birlikdə ölkədəki haqlarımızı tapdayan avtoritar, bürokratik sistemi dəyişdirmək, demokratik dəyişikliklər etmək, demokratik institutların yaradılmasına cəhd göstərmək və s. barədəki çıxışınızdan sonra o vaxt AKP MK-nın büro üzvlüyünə namizəd, Azərbaycan respublika komsomolunun lideri Sahib Ələkbərov sizə yaxınlaşaraq gülə-gülə “Belə bir vaxtda belə məzmunlu çıxışı tək sən edə bilərsən”, – deyib. Ondan başqa, Mərkəzi Komitədən və ya Bakı şəhər rəhbərliyindən çıxışınıza münasibət bildirən, sizi dəstəkləyənlər oldumu?

— Bəli, Sahib Ələkbərov çıxışıma qulaq asandan sonra mənə yaxınlaşıb həmin münasibəti bildirdi. Əslində o, məni dəstəkləmirdi, sadəcə sözünü deyirdi. Mən isə antisovet çıxış etmirdim. Demokratik dəyişikliklərin olmasını, demokratik institutların yaradılmasını tələb edirdim. Erməni-azərbaycanlı düşmənçiliyinin demokratiyaya qarşı bir sui-qəsd olduğunu deyirdim. Və onu da deyim ki, meydandakı insanlar mənə diqqətlə qulaq asırdılar... Amma Mərkəzi Komitədə, yaxud “Baksovet”də kimsə bizim fikirləri, eləcə də mənim bu çıxışlarımı dəstəkləmirdi...

— Kitabınızda yazırsınız ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Süleyman Tatlıyev də meydandakı çıxışı ilə faktiki olaraq Vəzirovu istefaya çağırırdı. Bəs həmin vaxt Mərkəzi Komitədə rəhbər vəzifələrdə olanlardan kimlər Vəzirova sadiq adamlar idi?

— Bəli, Süleyman Tatlıyev meydanda tribunadan dedi ki, xalqın burada səsləndirilən tələblərini yerinə yetirməyən siyasi rəhbər vəzifəsində qalmağa layiq deyil. Bu, o demək idi ki, ay Vəzirov, bir ovuc siyasi dələduzun burada xalq adından səsləndirdiyi tələbləri yerinə yetirmədiyin üçün vəzifədən çıx, yerini bizim halal zəhmət sahibi olan təcrübəli həmkarımıza ver... Sonra həmin Tatlıyev ömrünün sonuna qədər Ticarət Palatasının sədri oldu və yağ-bal içində yaşadı...

Mərkəzi Komitədə rəhbər vəzifələrdə olanların, şöbə müdirlərinin və digər məsul şəxslərin kimlər olduğunu bilirdik. Onların arasında Telman Orucov, Həsən Həsənov və Əfrad Daşdəmirov, elm şöbəsinin müdiri Rafiq Əliyev, mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə, inzibati orqanlar şöbəsinin müdiri Sabir Hacıyev və başqaları var idi. O vaxt MK-da işləyənlərin 90 faizi 70-ci illərin yetirmələri idi...

— Həmin vaxt sonradan Nazirlər Sovetinin sədri, 1-ci katib və nəhayət, Prezident vəzifələrini tutmuş mərhum Ayaz Mütəllibov Dövlət Plan Komitəsinin sədri idi. Onun Meydan hərəkatına münasibəti necə idi? Bildiyimizə görə, o, meydandakı mitinqlərdə çıxış etməmişdi...

— Yox, Ayaz Mütəllibov meydanda çıxış etməmişdi. Onun həmin hərəkata münasibətini də o vaxt bilmirdik...

— O günlər meydana maddi və ərzaq yardımı edən yüksək vəzifəli və tanınmış şəxslər əsasən kimlər idi? Deyilənə görə, Şeyxülislam Allahşükür Paşazadə, Zeynəb Xanlarova, Rafael Allahverdiyev və başqaları öz vəsaitləri hesabına meydana yardım göndərir, oraya toplaşan kütlə isə həmin şəxsləri əsl vətənpərvərlər kimi alqışlayırdı...

— Əslində, əsas yardımı Nazirlər Soveti yerlərdəki qurumlar hesabına təşkil edirdi. Rayonlardan və müxtəlif ictimai iaşə müəssisələrindən adamlar pul yığır, yeməyin və digər ləvazimatların təminatını təşkil edirdilər. “Raypo” müdirləri, restoran, kafe, mağaza müdirləri və başqaları bu işləri təşkil edirdilər. Bəziləri odun göndərirdi, digərləri siqaret, kolbasa və başqa ərzaq məhsulları və s. O vaxt da xeyli hissəsi onsuz da işsiz-gücsüz, imkansız olan camaat orada pulsuz yemək yeyir və həvəslə meydanda qalırdı. Bunun adı da belə qoyulmuşdu ki, guya xalq dirçəlir...

Paşazadənin yardım edib-etmədiyini deyə bilmərəm, amma Zeynəb Xanlarova meydana yardım göndərə bilərdi. Rafael Allahverdiyev isə o vaxt Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi idi. Çətin ki, o, yardım edərdi. Raykom katiblərinin oğurladıqları yalnız özlərinin yaxşı yaşamasına bəs edirdi. Amma ola bilər ki, Rafael kimlərinsə göstərişi ilə meydana yardım etsin. Sonralar o, Bakı meri vəzifəsinədək yüksəldi...

Söhbətləşdi: Sultan Laçın