“Zəngəzur dəhlizi Cənubi Qafqaz üçün ən uğurlu və perspektivli seçimdir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib.
Deputat, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciəti və Zəngəzur dəhlizi ilə bağlı fikirlərini şərh edərkən bildirib:
“Prezident İlham Əliyevin Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi mənzərəsinə Azərbaycanın baxışını aydın şəkildə ifadə edir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan sülhü yalnız münaqişənin başa çatması və siyasi münasibətlərin normallaşması kimi deyil, bütövlükdə regionun inkişafını sürətləndirəcək yeni iqtisadi imkanların başlanğıcı kimi dəyərləndirir.
Bu gün Cənubi Qafqaz qarşısında tarixi seçim dayanır: uzun illər münaqişə və qarşıdurma ilə səciyyələnən coğrafiya əməkdaşlıq, ticarət və nəqliyyat əlaqələrinin mərkəzinə çevrilə bilər. Bunun üçün isə ilk növbədə siyasi bəyanatlarla yanaşı, real sülh, qarşılıqlı etimad və kommunikasiyaların açılması istiqamətində konkret addımlar atılmalıdır. Azərbaycan bu prosesdə təşəbbüskar mövqedə çıxış edir. Çünki ölkəmiz regionda sabitliyin və iqtisadi inteqrasiyanın yalnız milli maraqlarımıza deyil, daha geniş coğrafiyanın inkişafına xidmət etdiyini aydın görür.
Zəngəzur dəhlizi bu strategiyanın ən mühüm istiqamətlərindən biridir. Bu layihənin əhəmiyyəti yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin yaradılması ilə məhdudlaşmır. Söhbət Türkiyə ilə birbaşa quru bağlantısının genişlənməsindən, Orta Dəhlizin ötürücülük imkanlarının artırılmasından, Xəzər hövzəsini, Mərkəzi Asiyanı və Avropanı birləşdirən nəqliyyat şəbəkəsinin daha səmərəli işləməsindən gedir. Başqa sözlə, bu marşrut Azərbaycanın coğrafi mövqeyini iqtisadi və geosiyasi üstünlüyə çevirmək imkanlarını genişləndirir”.
E. Akimova Zəngəzur dəhlizinin reallaşacağı təqdirdə region ölkələri üçün də yeni ticarət imkanları yaradacağını diqqətə çatdırıb:
“Burada diqqət çəkən digər məqam odur ki, Azərbaycan nəqliyyat layihələrinə dar milli çərçivədə yanaşmır. Zəngəzur dəhlizinin reallaşması region ölkələri üçün də yeni ticarət imkanları yarada bilər. Ermənistan da bu prosesə konstruktiv yanaşarsa, uzun illər bağlı qalmış kommunikasiyaların açılması onun özü üçün də iqtisadi dividendlər və yeni əməkdaşlıq imkanları demək olacaq. Lakin bunun üçün Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət, əldə olunmuş razılaşmaların icrası, eləcə də qarşılıqlı öhdəliklərə əməl olunması əsas şərtdir.
Məncə, Prezidentin müraciətindəki ən mühüm siyasi mesaj budur: Cənubi Qafqazın gələcəyi qarşıdurma üzərində deyil, əməkdaşlıq üzərində qurulmalıdır. Azərbaycan qalib ölkə kimi yaratdığı yeni reallıqları regionun ümumi inkişafı naminə iqtisadi imkanlara çevirməyi təklif edir. Bu yanaşma həm də ölkəmizin beynəlxalq nüfuzunu və regional təşəbbüskarlığını gücləndirir. Zəngəzur dəhlizi, Orta Dəhliz və digər nəqliyyat layihələri Azərbaycanın təkcə tranzit ölkə deyil, Avrasiya məkanında mühüm logistika qovşağına çevrilmək strategiyasının tərkib hissəsidir.
Əslində, tarixi İpək Yolunun dirçəldilməsi ideyası da bu baxımdan xüsusi məna daşıyır. İpək Yolu keçmişdə xalqları və mədəniyyətləri birləşdirdiyi kimi, bu gün müasir nəqliyyat infrastrukturu, ticarət və iqtisadi əməkdaşlıq vasitəsilə yeni əlaqələr qurmaq potensialına malikdir. Azərbaycan bu imkanlardan istifadə etməklə regionda sülhün iqtisadi əsaslarını möhkəmləndirməyə çalışır. Çünki dayanıqlı sülh yalnız siyasi sənədlərlə deyil, ölkələri bir-birinə bağlayan ortaq maraqlar, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlıqla möhkəmlənir”.