TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Oqtay Gözəlovun təcili tibbi yardım maşınlarının (ambulans) hərəkəti ilə bağlı əmr imzaladığına dair məlumat yayılıb. Məlumata görə, ambulanslar hərəkətdə olarkən sayrışan işıqlardan və xüsusi səs siqnallarından daim istifadə etməlidir.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq təcili tibbi yardım avtomobillərində xüsusi işıq və səs siqnallarından istifadənin qanunvericiliyin tələbi olduğu bildirilib.
“Yol hərəkəti haqqında” Qanunun 48-ci və 74-cü maddələrinin tələblərinə əsasən, təcili tibbi yardım avtomobilləri xüsusi tapşırıqları yerinə yetirərkən üstün hərəkət rejimindən istifadə etmək üçün xüsusi işıq və səs siqnallarını qoşmalıdırla.
Xüsusi işıq və səs siqnallarından istifadənin əsas məqsədi təcili tibbi yardım briqadalarının çağırış ünvanlarına mümkün qədər qısa müddətdə və operativ şəkildə çatmasını təmin etməkdir. Bununla yanaşı, gecə və ya gündüz olmasından asılı olmayaraq, yüksək sürətlə hərəkət edən təcili tibbi yardım avtomobillərinin digər nəqliyyat vasitələrinin sürücüləri tərəfindən vaxtında fərq edilməsinə, onların hərəkət istiqaməti və yaxınlaşması barədə əvvəlcədən xəbərdar edilməsinə şərait yaratmaq, beləliklə, yol-nəqliyyat hadisələrinin və digər təhlükəli vəziyyətlərin qarşısını almaqdır.
Bu baxımdan, xüsusi işıq və səs siqnallarının istifadəsi yalnız operativliyin təmin edilməsi deyil, eyni zamanda həm təcili tibbi yardım briqadalarının, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Vətəndaşlardan təcili tibbi yardım xidmətinin təşkili zamanı, xüsusilə xüsusi işıq və səs siqnallarından istifadə ilə əlaqədar yarana biləcək narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.
Çünki hər bir təcili tibbi yardım avtomobilinin arxasında vaxtla yarışan bir briqada, köməyə ehtiyacı olan bir insan və xilas edilməli bir həyat var. Sürücülərin təcili tibbi yardım avtomobillərinə yol verməsi isə bəzən bir insanın həyatını xilas etmək üçün həlledici əhəmiyyət daşıya bilər”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, yayılan məlumatlarda artıq yeni qərarla xəbərdarlıq və töhmət alan əməkdaşların olduğu bildirilir.