Məşhur model ABŞ-da niyə saxlanılıb? - Ölkəsinə qayıdan kimi od püskürdü: “Bir neçə gün ərzində...”

Böyüklər üçün kontent (məzmun) yaradan niderlandlı model Vera Deykmans ABŞ-da immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıb və 11 gün həbsdə saxlanıldıqdan sonra deportasiya edilib. O, ABŞ-ın İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nəzarətində olduğu müddətdə kifayət qədər qidalanmadığını, antisanitar şəraitdə saxlanıldığını və bir neçə gün günəş işığı görmədiyini deyib.

Bu barədə xarici KİV yazıb.

İnstaqramda təxminən 6 milyon izləyicisi olan 29 yaşlı Deykmans noyabrın 11-də Mayamidən Nyuarka səfər etdikdən sonra hava limanında immiqrasiya əməkdaşları tərəfindən saxlanılıb. Məşhur model MMA idmançıları ilə kontent çəkmək üçün bölgəyə gəlibmiş.

Nyu-Cersi ştatındakı Delaney Hall immiqrasiya saxlama mərkəzində 11 gün saxlanılan Deykmans deportasiya edilərək Niderlanda göndərilib. Vətəninə qayıtdıqdan sonra açıqlama verən model yaşadıqlarının təsəvvür edə biləcəyindən qat-qat ağır olduğunu bildirib.

Modelin anası Marianne Şolt bildirib ki, qızını avtomobilin tünd şüşəli pəncərələri vasitəsilə mərkəzə aparıblar. Onun sözlərinə görə, qızı kifayət qədər qidalanmayıb və antisanitar şəraitdə saxlanılıb. Həmçinin Deykmansın günlərlə günəş işığından məhrum edildiyi iddia olunur.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Deykmansın vizasının qüvvədəolma müddətini aşdığını bildirib. Hakimiyyət orqanları modelin 2019-cu ildə də ölkəyə qanunsuz daxil olmağa cəhd etdiyi üçün deportasiya edildiyini qeyd edib.

Fiziki və mənəvi cəhətdən özünə gəlmək üçün zamana ehtiyacı olduğunu bildirən Deykmans yaşadıqlarını ictimaiyyətlə bölüşəcəyini deyib. ICE isə pis rəftarla bağlı ittihamlara hələlik cavab verməyib.