Xəzərin canlı aləmi məhv olur: Qızılbalığın şəkillərini görəcəyik...

Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizi təkcə sahil xəttini deyil, həm də zəngin canlı aləmini sürətlə itirir. Dənizin dayaz olan şimal hissəsindəki su səviyyəsinin enməsi burada ekosistemi daha çox sarsıdır. İqlim dəyişmələri, çirklənmə və qidaya artan qlobal tələbat fonunda insan müdaxiləsinin də artması Xəzərin nadir fauna növlərini məhv olmaq həddinə gətirib.

Hazırda Xəzərin endemik növləri üçün ən böyük təhlükə nədir? Nərə balıqlarının süni artırılması və Xəzər suitisinin mühafizəsi istiqamətində görülən işlər dənizin canlı aləmini xilas etməyə yetərlidirmi?

Mövzu ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndəsi Elvin Dəmirli Teleqraf-a açıqlamasında bildirib ki, su səviyyəsinin azalması ilə yanaşı, iqlim dəyişmələri suyun temperaturunun yüksəlməsi və buz örtüyünün əriməsi kimi prosesləri də sürətləndirir.

Onun sözlərinə görə, bu dəyişikliklər balıqların qidalanma, çoxalma və miqrasiya üçün istifadə etdiyi dayaz sahələrin və çay mənsəblərinin daralmasına gətirib çıxarır:

“Çay mənsəbləri bir sıra balıq növlərinin kürü tökməsi və körpələrin inkişafı üçün mühüm təbii ərazilərdir. Hazırda Xəzərin bioloji müxtəlifliyi üçün əsas risklər bir-biri ilə əlaqəli bir neçə amilə bağlıdır. Bunlara iqlim dəyişmələri, su səviyyəsinin enməsi, çay axımının zəifləməsi, qanunsuz ov və tullantı sularının dənizə axıdılması daxildir. Çaylarda şirin su axınının azalması və kürü tökmə üçün vacib olan az duzlu su sahələrinin kiçilməsi balıqların reproduktiv imkanlarını məhdudlaşdırır”.

Bu balıqların Azərbaycanda ovu qadağan edilib

E.Dəmirli nərəkimilər üçün çay-dəniz ekosistemləri arasında təbii əlaqənin qorunmasının mühüm əhəmiyyət daşıdığını deyib:

“Xəzərdə yayılmış nərəkimilər beynəlxalq mühafizə qiymətləndirmələrində yüksək risk kateqoriyalarında yer alır. Çaylar üzərindəki hidrotexniki qurğular, bəndlər, çay mənsəblərinin dayazlaşması və suyun çirklənməsi onların dənizdən çaylara doğru miqrasiyasını və təbii çoxalmasını əngəlləyir.

Azərbaycan akvatoriyasında mühafizə baxımından ən həssas qruplardan biri məhz nərəcinsli balıqlardır. Buraya kələmo, bölgə, uzunburun, nərə və digər nərə növləri daxildir. Bu növlərin təbii populyasiyası uzunmüddətli dövrdə pisləşdiyi üçün Azərbaycanda onların ovu qadağan edilib, Xəzəryanı ölkələr arasında isə moratorium rejimi tətbiq olunur. Nərəkimilərdən sonra Xəzər qızılbalığı da xüsusi diqqət tələb edən növlərdəndir".

Mərkəz nümayəndəsi bildirib ki, təbii populyasiyanın bərpası üçün süni artırma və təbii su hövzələrinə körpə balıqların buraxılması istiqamətində ardıcıl işlər görülür. Bu sahədə Neftçala rayonunda fəaliyyət göstərən Xıllı Nərə Balıqartırma Müəssisəsi mühüm rol oynayır.

Statistikaya görə, 2025-ci il ərzində dövlət və özəl tərəfdaşlıq çərçivəsində təbii mühitə 2 milyon 160 min ədəd kütüm, 343 min ədəd nərəcinsli balıq, 255 min ədəd çəkikimilər və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb. 2026-cı il üzrə isə 2 milyon 92 min ədəd kütüm, 600 min ədəd nərəcinsli balıq artıq buraxılıb, 2 milyon ədəd çəkikimilər və 50 min ədəd Xəzər qızılbalığının təbii mühitə buraxılması nəzərdə tutulub.

E.Dəmirli vurğulayıb ki, süni artırmanın effektivliyi təkcə sayla ölçülməməlidir:

"Buraxılan fərdlərin sağqalma göstəricilərinin, təbii populyasiyaya inteqrasiyasının, miqrasiya yollarının və yetkin fərdlərin kürü tökmə sahələrinə qayıdışının elmi əsaslarla izlənilməsi vacibdir”.

Suitilər balalamaq üçün buz tapa bilmir

E.Dəmirli Xəzər suitisinin populyasiyasının da uzunmüddətli perspektivdə ciddi azalma ilə üzləşdiyini qeyd edib:

“Növ hazırda yüksək risk qrupundadır. İqlim dəyişmələri nəticəsində Xəzər dənizinin şimal hissəsində buzla örtülü sahələr azalır. Bu isə ciddi problemdir, çünki suitilər məhz həmin buzların üzərində çoxalır və balalayırlar. Bundan əlavə, balıq ehtiyatlarının azalması səbəbindən qida bazasının zəifləməsi, çirklənmə və balıqçı torlarına ilişmə halları populyasiyanı məhvə aparır".

Onun sözlərinə görə, Azərbaycanda Xəzər suitisi 1993-cü ildən etibarən Qırmızı Kitaba daxil edilib, 2007-ci ildə Tehran Konvensiyası çərçivəsində onun mühafizəsi üzrə Fəaliyyət Planı hazırlanıb.

"Ölkəmizdə Abşeron Milli Parkı Xəzər suitisinin mühafizəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Lakin onun effektiv mühafizəsi üçün vahid regional monitorinq və sayım sisteminin yaradılması, balıqçı torlarına ilişmə hallarının azaldılması, sahilə çıxan və ölmüş heyvanların laborator müayinəsi və Xəzəryanı ölkələr arasında məlumat mübadiləsinin gücləndirilməsi vacibdir”.

E.Dəmirli əlavə edib ki, Xəzərin bioresurslarını qorumaq üçün təkcə ayrı-ayrı növləri deyil, bütövlükdə çay-dəniz ekosistemləri arasındakı tarazlığı bərpa etmək tələb olunur.

Qızılbalığın ancaq şəkillərinə rast gələcəyik

Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun Su biosistemlərinin tədqiqi laboratoriyasının aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov da açıqlamasında suyun səviyyəsinin kəskin azalmasının dəniz faunasına təsir göstərdiyini bildirib:

“Burada canlıların, xüsusilə balıqların çoxalma şəraiti olmadığından sayı tükənmək üzrədir. Nərə balığı, Kür nərəsi, uzunburun, bölgə - hamısı Azərbaycan tərəfində yaşayan balıqlardır.

Akademik Aleksandr Nikolayeviç Derjavin deyirdi ki, Xəzərdə yaşayan keçici balıqlar - yəni həyat tərzinin və ya çoxalma dövrünün xüsusiyyətlərinə görə dənizlərdən şirin sulara və ya əksinə köç edən balıqlar - Kür çayı vasitəsilə Gürcüstanın Qanıx, Qabırrı çaylarına kürü tökməyə gedirlər. Bunlara qızılbalıqları, nərəkimiləri misal göstərmək olar. Bu gün isə onlar həmin imkanlardan məhrum olublar”.

Onun sözlərinə görə, dənizdə yaşayıb elə orada çoxalan kefal, kilkə, siyənək kimi balıqlarda ciddi problem yoxdur, əsas zərbə keçici və yarımkeçici balıqlara dəyir:

“Kür çayına girən qızılbalıq bir dəfə kürüsünü tökəndən sonra məhv olur. Biz artıq onların ancaq şəkillərinə rast gələcəyik, özünü görə bilməyəcəyik. Nərə balıqları da kürü tökmək üçün Gürcüstanın Qanıx, Qabırrı çaylarına getməlidirlər, amma çaylarda su yoxdur. Varvara su anbarına qədər üzür, bəndə "kəllə vurub" geri qayıdırlar".

Kütümün arealı kiçilib

Dosent iki ay əvvəl aparılan tədqiqatlara əsasən bildirib ki, son illərdə Orta Xəzərin cənub hissəsində kütüm balığının da arealı kiçilib:

“Əvvəllər kütüm ancaq Cənubi Xəzərin Abşeron və Kür-Araz akvatoriyasında yaşayırdı. Dənizin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar sonradan Orta Xəzərin cənub hissəsinə kimi qalxmışdı. Amma bu gün yoxdur, ova düşmür.

Eyni vəziyyət Sara siyənəyi ilə də bağlıdır. Bu növ ancaq Cənubi Xəzərdə yaşayır. Ən kiçik siyənək növü olan Kür siyənəyi isə Kür çayının mənsəbində olurdu. Ekoloji şərait pozulduğuna görə bu balıqların da sayı azalıb”.

O, yeganə çarənin süni artırmada qaldığını, lakin burada da ciddi problemin olduğunu vurğulayıb:

“Bütün növləri süni yolla artırmaq mümkün deyil, həm də bu, təbiətdəki balıqları əvəz edə bilmir - onların dadı da tamam başqadır. Üstəlik, Xıllı zavodunda artırma aparmaq üçün dənizdən ana balıq gəlməlidir. İndi isə nə ana balıq var, nə də erkək və dişi fərdlər...Əsas çətinlik də elə buradadır".

Dosent hazırda dənizin ən çirkli zonasının Türkan və Hövsan ərazisi olduğunu qeyd edib:

“Bu ərazilərdə təmizləmə qurğusu olsa da, çirkab sular təmizlənmədən birbaşa dənizə axır. Havanın temperaturu dəyişəndə balıq körpələri sahilə - həmin çirkli əraziyə gəlirlər. Orada temperatur yüksək, oksigen isə az olduğundan kütləvi şəkildə qırılır və külək vasitəsilə Orta Xəzərə aparılır".

Dosent Xəzərin yeganə məməlisi olan suitilərin hər il 3-5% azaldığını bildirib:

“Əvvəllər milyonlarla olan suitilərin sayı bu gün 100 min belə deyil, cəmi 50-60 mindir. Suitinin azalmasının səbəbi dəniz səviyyəsinin aşağı düşməsi, çirklənmənin güclənməsi və balıqların sayının azalmasıdır. Çünki onlar əsasən kilkə balığı və dibdə yaşayan xul balığı ilə qidalanırlar. Bu balıqlar da tükənib. Buna görə suitilər istər-istəməz özlərini balıqçıların toruna vururlar. Tora düşəndə də balıqçılar onları vurub öldürürlər. Biz dəfələrlə sahildə yaralı suiti görmüşük, onlar orada qalıb məhv olur".

S.Süleymanov bildirib ki, mövcud vəziyyətdən çıxış yolu dənizə axıdılan suların təmizlənməsi, Volqa və digər çaylardan təsərrüfatlara su götürülməsinin nizamlanması və növlərin süni yolla artırılmasını gücləndirməkdir.

Suyun azalması quşların yuvalama yerlərini dəyişir, Neftçalada vağlar şam meşəsinə üz tutur

Mövzu ilə bağlı biomüxtəliflik üzrə ekspert, ornitoloq Zülfü Fərəcli açıqlamasında bildirib ki, Xəzər dənizində suyun səviyyəsinin azalması quşların qidalanma və yuvalama xüsusiyyətindən asılı olaraq fərqli təsirlər yaradır.

Onun sözlərinə görə, palçıqlı sahillərdə qidalanan cüllütlər, qağayılar və bəzi ördək növləri yeni yaranan dayazlıqlardan müəyyən müddət faydalana bilirlər. Lakin balıqla qidalanan qarabatdaqlar, vağlar və xüsusilə qamışlıqlarda yuvalayan sərçəkimi növləri üçün vəziyyət daha mürəkkəbdir. Kiçik qarabatdaq, qarıldaq və kiçik ağ vağ kimi növlər yuvalama koloniyalarının yerləşdiyi bitki örtüyünün dəyişməsinə həssasdır. Bəzi hallarda onlar alternativ yuvalama sahələrinə keçə bilirlər, ancaq bu, uğurlu uyğunlaşma demək deyil. Yeni ərazidə kifayət qədər qida, təhlükəsiz yuva yeri və insan narahatlığından uzaq şərait olmur. Məsələn, Neftçalada vağlar məcburiyyətdən şam meşəsini seçiblər. Nəticədə quşların yeni yuvalama yeri və ənənəvi qidalanma sahələri arasında məsafə artır, bu da balaların böyüməsi və təhlükəsizliyinə və beləcə çoxalma uğuruna ciddi təsir edir”, - o vurğulayıb.

Bu ərazilər onlar üçün "yanacaqdoldurma məntəqəsi"dir

Ekspert qeyd edib ki, köç zamanı quşlar minlərlə kilometr məsafə qət edirlər və bu yol boyunca enerji toplamaq üçün müəyyən ərazilərdə dayanırlar.

"Bu ərazilər onlar üçün bir növ "yanacaqdoldurma məntəqəsi"dir. Əgər ənənəvi buxta quruyursa, suyun duzluluğu artırsa və ya qida ehtiyatı azalırsa, quşlar alternativ ərazi axtarmalı olurlar. Bu da onsuz köç yorğunu olan bəzi həssas növlər üçün əlavə enerji xərci deməkdir. Bəzən bu fərdlər uyğun yem tapa bilməyərək ölürlər".

Onun sözlərinə görə, Azərbaycan bu baxımdan çox mühüm coğrafi mövqeyə malikdir. Xəzərin qərb sahili Avropa, Rusiya və Mərkəzi Asiya arasında hərəkət edən çoxsaylı köçəri quşların istifadə etdiyi miqrasiya dəhlizidir. Bura xüsusilə su-bataqlıq quşları üçün əhəmiyyətlidir.

"Məsələn, qaradöş qum cüllütü kimi balaca növlər köç zamanı sahilboyu palçıqlı sahələrdən qidalanma üçün istifadə edirlər. Bu ərazilərin itirilməsi onların daha uzaq məsafələr uçmasına, daha çox enerji sərf etməsinə səbəb olur".

Qırmızıdöş qazlar Azərbaycanı necə tərk etdi?

Ornitoloq vurğulayıb ki, bəzi adaptiv növlər şərait dəyişdikdə köç yollarını tamamilə dəyişə bilirlər: "Ötən əsrin ortalarında qırmızıdöş qaz adlanan növün demək olar bütün dünya populyasiyası qışı ölkəmizdə keçirirdisə, indi onlara rast gəlmək olmur. Bunun əsas səbəblərindən biri Sovet dövründə Xəzərsahili rayonlarımızda münbit taxıl sahələrinin pambıq və tütün əkini ilə əvəzlənməsi olub. Beləcə növ qış vaxtı hələ də qida tapa biləcəyi Qara dəniz sahillərinə üz tutub”.

Daha sərt qışlar görmürük

Ekspertin sözlərinə görə, dayaz su hövzələri dərin sulara nisbətən daha tez soyuyub dona bilsə də, son illər iqlim dəyişikliyi ilə əlaqədar olaraq quşların kütləvi qışladığı cənub bölgələrində (Qızılağac, Şirvan milli parkları, Mahmudçala gölü kimi) sərt qışlar müşahidə olunmur:

"Digər tərəfdən dalğıc ördəklər, o cümlədən qırmızıbaş dalğıc, kəkilli qara ördək, ağgöz ördək və qıquyruq ördək kimi növlər qida əldə etmək üçün su hövzələrinin müəyyən dərinliyindən asılıdırlar. Su sahələrinin azalması onların qidalanma imkanlarını məhdudlaşdırır”.

Qızılağac körfəzində su quşları 28% azalıb

Ekspert suyun azalmasının müəyyən növlər üçün müsbət tərəflərinin də ola biləcəyini deyib:

“Suyun çəkilməsi nəticəsində yaranan palçıqlı sahələr, qumlu adacıqlar və dayazlıqlar sahil quşları üçün yeni qidalanma və istirahət məntəqələrinə çevrilə bilər. Lakin burada vacib bir məqam var. Həmin ərazidə kifayət qədər onurğasızlar və digər qida orqanizmləri olmalıdır ki, bu yeni ərazi quşlar üçün faydalı ola bilsin. Qızılağac körfəzində aparılmış 2000–2024-cü illəri əhatə edən bir tədqiqatda yeni yaranmış quru sahələrdə quru mühitinə uyğunlaşmış quşların yuvalamasının artdığı, eyni zamanda köçəri su quşlarının yuvalama və qidalanma mühitlərinin azaldığı göstərilir. Tədqiqatda su quşlarının sayında təxminən 28% azalma, yeni yaranmış quru sahələrdə yuvalayan quru quşların sayında isə təxminən 12% artım qeyd olunur”.

Mütəxəssis su hövzələrinin kiçilməsinin xəstəlik riskini də artırdığını istisna etmir:

“Suyun azalması və çirklənməsi nəticəsində quşların məhdud su sahələrində daha sıx toplaşması infeksiyaların, xüsusilə quş qripinin yayılması riskini yüksəldə bilər. Lakin Xəzərdə suyun azalması ilə əlaqədar xəstəliklərin faktiki artdığını söyləmək üçün ayrıca epidemioloji monitorinq və laboratoriya nəticələri lazımdır”.

Quşlar Qızılağacı tərk edib Abşeron və Pirallahıya köçür

Ekspert hesab edir ki, quşların qorunması üçün ilk növbədə quşlar üçün tarixi əhəmiyyəti ərazilərdə - Beşbarmaq darboğazına, qış dövründə isə Qızılağac körfəzinə, Kür çayının deltasına, Ağgöl Milli Parkına və Abşeron yarımadasına xüsusi diqqət yetirilməlidir:

“Bunlar həm qışlama, həm də miqrasiya zamanı dayanma və qidalanma baxımından əhəmiyyətli ərazilərdir. Xüsusilə Ramsar ərazisi hesab edilən Qızılağac körfəzi narahatlıq doğurur. Son illərin tədqiqatları burada su rejiminin dəyişməsi ilə yanaşı, bəzi su quşlarının ənənəvi yuvalama yerlərini itirdiyini və yeni ərazilərə keçdiyini göstərir. Xəzərin səviyyəsinin azalması quşların sahilboyu paylanmasını da dəyişir. Məsələn, bəzi monitorinq məlumatlarında Qızılağac və Kür deltası ətrafında qışlayan quşların sayının azalması, Abşeron Milli Parkı və Pirallahı ətrafında isə artması qeyd olunur. Bu, quşların bir ərazidən digərinə yerdəyişməsinin mümkün göstəricisidir”.