“Üçüncü Ermənistan Respublikası vətəndaşların təhlükəsizliyini, azadlığını və rifahını təmin etmək, onların kimliyini qorumaq və inkişaf etdirmək, insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə etmək üçün deyil, münaqişə naminə yaradılıb. Bu, təkcə 1990-cı illərdə Ermənistan liderlərinin bəyanatlarından və məqalələrindən deyil, həm də 23 avqust 1990-cı ildə qəbul edilmiş İstiqlal Bəyannaməsinin mətnindən də aydın görünür”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yeni konstitusiya layihəsi ilə bağlı xalqa müraciətində deyib.
O bildirib ki, xalqı və onun xəyallarını arxa plana keçirən və bizi qarşıdurma yoluna aparan, ölkəni tükəndirən mühacirətə səbəb olan da məhz bu münaqişə məntiqi idi: “Məhz bu münaqişə məntiqi ölkəmizdə general manvelləri, dodi qaqoları, kaluqalı samoları, robert köçəryanları, serj sarkisyanların meydana çıxmasına səbəb oldu. Onların hamısının bir məqsədi və bir missiyası var idi: Böyük Ermənistanı ideyası haqqında fikirlər səsləndiurməklə xalqı, dövləti talan etmək. Bu gün nəhayət, bir-birinin ardınca bu talançılar öz ədalətli cəzalarını alırlar”.
Hökumət başçısı vurğulayıb ki, oğurlanmış mallar dövlətə və xalqa qaytarılır, amma bu gün Ermənistanın ədliyyə sisteminə etibar yoxdur:
“Düzü, mövcud konstitusiyanın dəmir mühafizə altına qoyduğu kriminal-oliqarxik ədliyyə sistemi üzündən sabah hansı məhkəmənin, hansı qərarın və ya hansı quldur və ya korrupsioner məmurun azadlığa buraxılacağını bilmirəm. Xalqın mandatı olan bir hökumət formalaşsa belə, bir çox quldur və qatil hələ də azadlıqdadır”.
N.Paşinyan onu da qeyd edib ki, yeni konstitusiyanın məqsədlərindən biri məhkəmə sistemini oliqarxiyanın caynağından azad edib xalqa qaytarmaq, onu xalqın və dövlətin xidmətinə qoymaqdır.