Paşinyan yeni Konstitusiya layihəsinin 8-ci maddəsini açıqladı
Ermənistanın yeni Konstitusiya layihəsinin 8-ci maddəsində sülhün təmin edilməsi ölkənin xarici siyasətinin məqsədi kimi göstərilir.
Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində bu müddəanı 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin əsaslandığı “münaqişə məntiqindən” imtina kimi qiymətləndirib.
Baş nazir yeni Konstitusiya ilə qurmaq istədikləri dövlət modelini “Dördüncü Respublika” adlandırıb. Onun sözlərinə görə, bu modelin əsas fərqi münaqişədən uzaq durmaq, vətəndaşların təhlükəsizliyini, azadlığını və rifahını təmin etməkdir.
Paşinyan məhkəmə sistemi barədə də danışıb.
“Bu gün Ermənistanda ədalət mühakiməsi etibar doğurmur. Yeni Konstitusiyanın məqsədlərindən biri ədalət mühakiməsini oliqarxiyanın təsirindən çıxarmaq və xalqın, dövlətin xidmətinə verməkdir”, – o deyib.