Xaçmazdakı qəzada ağır yaralanan 11 yaşlı qızla bağlı yeni xəbər

Ötən gün Xaçmazda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan sərnişinlərdən birinin – vəziyyəti daha ağır olan 11 yaşlı qızın müalicəsi Bakıda yerləşən xəstəxanalardan birində davam etdiriləcək.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, digər 6 yaralının müalicəsi isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Xatırladaq ki, ötən gün saat 21:30 radələrində Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndindən keçən hissəsində QAZ-3110 markalı avtomobillə VAZ-21099 markalı avtomobil toqquşub. Nəticədə VAZ-21099 markalı avtomobildə olan bir ailənin 5 üzvü xəsarət alıb.

Ümumilikdə, hadisədən sonra 7 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu