Yol kənarlarında Çinin nəhəng gəmiçilik şirkəti Cosco-nun loqosu olan konteynerlər dayanıb. Giriş qapılarının qarşısında Great Wall pikapları və BYD elektrik sedanları düzülüb. Yaxınlıqda isə artıq Çin restoranlarından ibarət bütöv bir məhəllə fəaliyyətə başlayıb.
«Tancerdə VI Məhəmməd Texnologiya Şəhəri» adlanan bu sənaye zonası əsasən Çindən olan təxminən 200 şirkət üçün nəzərdə tutulub. Təkər istehsalçısı Qingdao Sentury Tire burada illik istehsal gücü 12 milyon avtomobil şini olan zavodu yenicə istifadəyə verib. Şençjenin BTR New Material korporasiyası hər il 110 min ton akkumulyator komponenti istehsal edəcək iki müəssisə inşa edir. Hançjouda yerləşən Hailiang şirkəti isə mis əsaslı müxtəlif məhsulların minlərlə ton həcmində istehsalını təşkil etməyi planlaşdırır. Layihənin əsas məqsədi Çindən kənarda, Mərakeşin nəhəng Tancer-Med limanının və Cəbəllütariq boğazının o tayında yerləşən Avropa bazarının bilavasitə yaxınlığında iri Çin sənaye klasteri yaratmaqdır. Hələ 2016-cı ildə Mərakeş kralının Pekinə dövlət səfəri zamanı elan edilmiş layihənin hazırlanmasına təxminən on il sərf olunub. Parkın investorlarından biri olan Bank of Africa-nın Direktorlar Şurasının sədri Osman Bencellun layihənin açılış mərasimində bildirib ki, Yeni İpək yolu «Tancerdən keçəcək və bu mübarək torpaqdan Afrikanın digər hissələrinə, Avropaya və Amerikaya uzanacaq».
Tancer Texnologiya Şəhəri Çinin dünya üzrə maliyyələşdirdiyi ən azı 145 belə sənaye məkanından yalnız biridir. Daha onlarla oxşar layihə isə planlaşdırma mərhələsindədir. Bu məlumatları Nyu-Yorkda yerləşən Xarici Əlaqələr Şurası (Council on Foreign Relations) analitik mərkəzi təqdim edir. Çin biznesinin rəqabətin son həddə çatdığı daxili bazardan kənara çıxmaq üçün kifayət qədər səbəbi var. Zavodların xaricə köçürülməsi xərcləri azaldır və istehsalı həm xammal mənbələrinə, həm də istehlakçılara yaxınlaşdırır. ABŞ və Avropa İttifaqının tətbiq etdiyi gömrük rüsumları məhsulların birbaşa Çindən ixracını sərfəsiz edib. Eyni zamanda gömrük orqanları rüsumlardan yayınmaq üçün üçüncü ölkələr vasitəsilə həyata keçirilən təkrar ixrac sxemlərini getdikcə daha ciddi nəzarətdə saxlayırlar. Pekinin biznesin xarici bazarlara çıxmasını təşviq etməyə başladığı 2000-ci illərin əvvəllərində yalnız az sayda Çin şirkəti xaricdə kiçik istehsal sexləri açırdı. Proses 2013-cü ildən sonra, Çin Xalq Respublikasının Sədri Si Cinpinin dünya üzrə limanların, magistralların, elektrik stansiyalarının və sənaye zonalarının tikintisini nəzərdə tutan «Bir kəmər, bir yol» təşəbbüsünü irəli sürməsi ilə sürətləndi. ABŞ ilə Çin arasında ticarət ziddiyyətlərinin kəskinləşməsi də əlavə stimul oldu. «Biznes başa düşdü ki, məhsulu xaricdə istehsal etmək daha sərfəlidir», – deyə Xarici Əlaqələr Şurasının Çin üzrə mütəxəssisi Zoi Lyu izah edir. «Şirkətlər digər transmilli korporasiyaların təcrübəsini mənimsədilər. Bu, təbii inkişafın bir mərhələsidir».
Sənaye parkları Çin istehsalçılarını sıfırdan torpaq sahəsi axtarmaq, kommunikasiya xətləri çəkmək, gömrük rəsmiləşdirilməsini və logistikanı təşkil etmək zərurətindən azad edir. İri şirkətlərin ardınca onların təchizatçıları da xarici bazarlara üz tuturlar. Bu isə komponentlərə və xidmətlərə çıxışı asanlaşdırır. «Biz yerli satınalmaları fəal şəkildə inkişaf etdirir və təchizatçıları burada bölmələr açmağa təşviq edirik», – deyə Kambocanın Sianukvil xüsusi iqtisadi zonasında yerləşən Jiangsu General Science Technology şin zavodunun rəhbəri Yun Huyonq bildirir. Həmin zonada fəaliyyət göstərən 200 şirkətin təxminən 80%-i Çini təmsil edir. «Bu, əlaqəli sənaye sahələrinin inkişafını sürətləndirir». Çin zavodlarının xaricdə genişlənməsi ABŞ və Avropa İttifaqının Çin sənayesindən asılılığı azaltmaq cəhdlərini çətinləşdirir. Müəssisə avtomobillərin və ya digər məhsulların yığılmasını Macarıstana, Malayziyaya və ya Efiopiyaya köçürə, yerli işçilər işə götürə və xammalı yaxın ərazilərdən ala bilər. Lakin bununla belə, Çin avadanlıqlarından, mühəndislərindən və təchizatçılarından asılı olaraq qala bilər. Formal olaraq bu məhsullar artıq Çində istehsal edilmir, amma mahiyyət etibarilə yenə də Çin sənayesinin məhsulu olaraq qalır.
Meksikanın Monterrey şəhəri yaxınlığındakı Hofusan sənaye parkında, ABŞ sərhədindən cənuba doğru cəmi üç saatlıq məsafədə Çin fabrikləri divanlar, məişət texnikası, su nasosları, süni qazon və avtomobil komponentləri istehsal edir. İndoneziyada Morovali sənaye parkının zavodlarında təxminən 100 min nəfər çalışır. Burada nikel emal edilərək paslanmayan polad və elektromobil akkumulyatorları üçün materiallar hazırlanır. Efiopiyanın paytaxtı Əddis-Əbəbə yaxınlığındakı texnoparkda isə Çindən olan 100-dən çox şirkət 20 mindən artıq insanı işlə təmin edir. Müəssisələr ayaqqabı, dərman, avtomobil və digər məhsullar istehsal edirlər. Çin investorlarının seçdiyi məkanların əsas xüsusiyyətləri bir-birinə bənzəyir: aşağı xərclər, hazır infrastruktur və əsas satış bazarlarına birbaşa çıxış. Məsələn, Mərakeş Afrikada həm Avropa İttifaqı, həm də ABŞ ilə azad ticarət sazişi bağlamış yeganə ölkədir. «Burada daxili bazar böyük deyil», – deyə Çjetszyan əyalətindən olan polad qapı istehsalçısı Simto şirkətinin satış nümayəndəsi Trumen Çjou etiraf edir. «Lakin biz bu ölkədən Avropaya və Afrikanın digər dövlətlərinə məhsul tədarük etmək üçün dayaq nöqtəsi kimi istifadə edirik».
Xarici bazarlarda möhkəmləndikcə Çin korporasiyaları getdikcə daha çox sənaye parklarının hüdudlarından kənara çıxırlar. Məsələn, akkumulyator istehsalçısı Gotion High-Tech Mərakeşin Atlantik okeanı sahillərində, ölkənin paytaxtı Rabatdan şimala doğru bir saatlıq məsafədə iri zavod tikir. Volkswagen konserni ilə sıx əlaqələri olan şirkət qarşıdakı onillikdə burada ildə 1,4 milyon elektromobil üçün akkumulyator istehsal etməyi planlaşdırır. Məhsullar Avropa, Afrika və Yaxın Şərq bazarları üçün nəzərdə tutulub. Layihə təxminən 8 min iş yeri yaradacaq. Gotion-un vədinə görə, yaxınlıqda Çin komponent təchizatçılarının zavodları da açılacaq.
Getdikcə daha çox Çin şirkəti eyni yolu seçir. Braziliyada BYD avtomobil konserni Baiya ştatında Ford Motor-un keçmiş zavodunda elektromobil və hibrid avtomobillərin yığılmasını təşkil edib. Braziliya artıq BYD üçün Çindən kənarda ən böyük bazara çevrilib. Keniyada tikinti materialları istehsalçısı Keda Afrika istehlakçıları üçün keramik plitələr buraxır. Vyetnamda isə Şençjenin Xfanic şirkəti dünya bazarlarına tədarük etmək üçün smartfon və kompüter aksesuarları istehsal edir. Gotion, Sentury və BTR kimi nəhənglərin Mərakeşə gəlişi ölkənin avtomobil sənayesini daha da gücləndirəcək. Bu sənaye son iyirmi il ərzində Renault, Stellantis zavodları və onların təchizatçı şəbəkələri ətrafında formalaşıb. Bununla belə, Mərakeş hakimiyyəti yaxşı başa düşür ki, Çin biznesinin kütləvi axını Brüsseldə narazılıq yarada bilər. Rabat Çin akkumulyator və xammal istehsalçılarını məmnuniyyətlə qəbul etsə də, Çin avtomobil konsernlərini ölkəyə dəvət etməyə tələsmir. «Biz son dərəcə ehtiyatla hərəkət edirik və Mərakeşdə istehsal olunan Avropa markalı avtomobillərlə rəqabət aparacaq Çin maşınlarının burada yığılmasına icazə vermirik», – deyə Mərakeşin sənaye və ticarət naziri Riyad Mezur vurğulayır. Lakin Çin avtomobil nəhəngləri zavodlarını birbaşa Avropa İttifaqı daxilində açmağa başlasalar, Rabatın mövqeyi dəyişə bilər. «Biz Avropanı onun özünü qoruduğundan daha çox qoruya bilmərik», – deyə Mezur yekunlaşdırır.