“Atam Mir İbrahim Həmzəyev ikinci dəfə Xalq artisti Zəroş Həmzəyeva ilə ailə həyatı qurmuşdu. Ondan da 4 övladı var idi. O övladlardan təkcə qardaşım ilə münasibətim var idi. O da iki il bundan əvvəl rəhmətə getdi. Mən heç cür onlarla barışmaq istəmirdim. Birincisi onlar həmişə Naxçıvanda yaşayıblar. Məsafələr uzaq idi. Atam orada ailə həyatı qurmuşdu. Kiçik oğlu Nizami də mənim kimi incəsənət sahəsində təhsil alırdı. Çox istəyirdi ki, mənimlə əlaqə yaratsın, özünü tanıtsın. Amma mən istəmirdim. Barat xanım heç vaxt mənə mane olmayıb, münasibətlərimizə qarışmayıb. Çünki öz ağlım artıq kəsirdi və qərarları özüm verirdim”
Bunu açıqlamasında Azərbaycanın ilk ali dərəcəli qadın rejissoru Solmaz Həmzəyeva deyib. O daha sonra əlavə edib:
“Ata kimi Mir İbrahim Həmzəyevdən atalıq görməmişəm. 6 aylıq olmuşam. Atamın 100 illik yubileyində məndən müsahibə almaq istəyirdilər. Dedim ki, mən ondan nə deyə bilərəm ki? Nə ata kimi onu görməmişəm, nə də rejissor kimi danışa bilmərəm. Danışmadım da. Anamın da Zəroş xanımla münasibətləri yox idi. Atam öləndən sonra Zəroş xanım axır vaxtlarında Bakıya köçmüşdü. Ondan sonra başladı anama zəng etməyə. Artıq qoca vaxtları idi. Amma ondan əvvəl heç bir münasibətləri yox idi. Atamla da heç bir münasibətim yox idi. Mən anamdan icazəsiz ailə həyatı qurmuşdum. Buna görə də atam 2 il mənimlə danışmadı. Onda Sona Hacıyeva məni atamla görüşdürdü və dedi ki, “təzə evləniblər, ehtiyacları var, kömək etmək lazımdır”. Atam da dedi ki, “gəlsin Naxçıvana, mən onu gözümün üstündə saxlayım”. Anam da ona deyirdi ki, “Solmaz anasını, bacı-qardaşını atdı, sevib ərə getdi, indi sevgilisini qoyub durub sənin yanına gələcək?! Düşünürsən nə deyirsən?!”. Atam da deyirdi ki, “mən Baratdan qorxuram, ona kömək edə bilmərəm”. Bu sözdən sonra qırıldım. Oğlunu da mən bağışlaya bilmirdim. Sonra bu mövzu ilə bağlı efirdə bir dəfə danışdım. Mənə efirdə sual verdilər ki, “qəlbində hansı arzu var ki, onu inadından yerinə yetirməmisən?”. Və mən də dedim ki, atamın bir oğlu var, o mənimlə barışmaq istəyir, amma mən barışmıram. Kim Naxçıvana gedirdisə Nizami onlara qonaqlıq verirdi, deyirdi ki, “məni Solmazla barışdırın”.
Bizi 5 il bundan əvvəl İlham Rəhimli barışdırdı.. 90 yaşımda.. Barışandan iki il sonra rəhmətə getdi. İllər keçəndən sonra düşündüm ki, onun nə günahı var idi axı?! Nizami çox yaxşı insan idi” deyə o bildirib.