NATO komandanlığı və Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvada keçiriləcək "Grand Eagle 26" hərbi təlimlərində iştirak etmək üçün tank bölmələrinin bu ölkəyə köçürülməsi planını son anda dəyişdirib. Polşa ərazisindən keçməklə həyata keçirilməsi nəzərdə tutulan yürüş tankların dəmir yolu ilə daşınması ilə əvəz olunub.
Bu barədə "Bild" qəzeti güc strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ilkin plana əsasən, Almaniya quru qoşunlarının 10-cu tank diviziyasının bölmələri alyansın şərq cinahına öz hərəkətləri ilə çatmalı idi. Lakin NATO rəhbərliyi və Almaniyanın hərbi-siyasi rəhbərliyi Belarus sərhədi yaxınlığında zirehli texnika kolonlarının açıq şəkildə hərəkətindən imtina etmək qərarına gəlib. Buna səbəb Moskvanın mümkün mənfi reaksiyasından ehtiyatlanmaları olub.
Qəzetin hərbi dairələrdəki həmsöhbətinin sözlərinə görə, manevrlərin planlaşdırılması zamanı çəkindirmə balansını qorumaq və əlavə gərginliyin yaranmasının qarşısını almaq məqsədilə fəaliyyətlərin dəyişdirilməsinə ehtiyac olub-olmadığı daim qiymətləndirilir.