Salah ''Trabzonspor''un üzvünü ''Roma''ya məsləhət gördü

Ötən mövsüm olduğu kimi bu mövsüm də ''Trabzonspor''un heyətində oyunu ilə diqqət çəkən və əla formada olan Ernest Muçi ilə bağlı transfer iddiası ortaya atılıb.

Belə ki, İtaliya nəhəngi ''Roma''nın albaniyalı yarımmüdafiəçiyə ciddi maraq göstərdiyi məlum olub. Bu xəbəri Albaniyanın ''telesport.al'' saytı paylaşıb. Mənbənin yazdığına inansaq, Muçini ''Roma''ya Məhəmməd Salah məsləhət görüb. Misirli ulduz məlum olduğu kimi vaxtilə ''Roma''da top qovub. ''Javanews'' portalında isə hətta məbləğ də qeyd olunub və ''Roma''nın ''Trabzonspor''a 22 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qaradənizlilərin başqanı Ərtuğrul Doğan ad çəkməsə də, bu günlərdə jurnalistlərlə söhbətdə 3 futbolçu üçün kluba rəsmi təklif gəldiyini açıqlamışdı. Belə güman olunur ki, həmin 3 oyunçudan biri məhz Muçidi. Türkiyədə daha öncə ''Beşiktaş''ın şərəfini qorumuş, amma tam potensialını məhz Trabzonda sərgiləyən 25 yaşlı futbolçunun ''bordo-mavililər''lə 2029-un yayına qədər müqaviləsi var.

''Trabzonspor'' ötən mövsüm ''Beşiktaş''dan icarəyə götürdüyü futbolçunu bu yay 8,5 milyon avro qarşılığında daimi əsasda heyətinə qatıb. Albaniya yığmasının üzvü bu mövsüm iştirak etdiyi 14 rəsmi oyunda aktivinə 3 qol, 7 məhsuldar ötürmə yazıb.