Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib

Hindistanın Manipur ştatında saxta spirtli içki qəbul etdikdən sonra azı 18 nəfər ölüb, mindən çox şəxs xəstəxanaya yerləşdirilib.

ANI-ya istinadən, bu barədə Hindistan Milli Konqresinin ştatın qanunverici məclisindəki fraksiya lideri Meqhaçandra Sinqh bildirib.

Onun sözlərinə görə, spirtli içkinin tərkibində zərərçəkənlərdə ciddi sağlamlıq pozuntularına, o cümlədən böyrək problemlərinə səbəb olan metanol olub.

Parlamentari əlavə edib ki, cümə günü 600, şənbə günü səhər isə daha 300 nəfər xəstəxanaya yerləşdirilib.

Ştat hakimiyyəti son günlər şübhəli mənşəli spirtli içki qəbul edən və ya zəhərlənmə əlamətləri hiss edən sakinləri dərhal tibbi yardıma müraciət etməyə çağırıb.

Hindistanın Manipur ştatında saxta spirtli içkidən zəhərlənmə nəticəsində azı 15 nəfər ölüb, 180-dən çox şəxs xəstəxanaya yerləşdirilib.

"India Today"ə istinadən, bu barədə ştatın baş naziri Kxemçand Yumam bildirib.

Yerli medianın məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin çoxunda metanol zəhərlənməsi üçün xarakterik simptomlar müşahidə olunur.

Ştat hökuməti hadisənin baş verdiyi əraziyə tərkibində mütəxəssis həkimin də olduğu tibbi briqada göndərib. Həkimlər əraziyə zəruri dərman preparatları da çatdırıblar.