Əvəz et, əvəz et, tez elə

Məlum olduğu kimi, noyabrın 16-da Azərbaycan millisi yoldaşlıq görüşü çərçivəsində Andorranın qonağı olub.

Millətlər Liqasındakı çıxışını başa vuran yığmanın baş məşqçisi Ayxan Abbasov üçün bu qarşılaşma həm futbolçuların mövcud durumunu qiymətləndirmək, həm də heyətdəki alternativləri sınaqdan keçirmək baxımından əhəmiyyət daşıyırdı. Lakin görüşdə yaşananlar futbolun özündən daha çox başqa bir məqamı ön plana çıxardı – əvəzetmələri.

Belə ki, oyunboyu ümumilikdə 20 futbolçu dəyişikliyi baş tutub. Bunlardan 9-u yığmamızın, 11-i isə meydan sahiblərinin payına düşüb. Başqa sözlə, iki komandanın məşqçilər korpusu az qala meydandakı bütün futbolçuları dəyişmək qərarına gəlib. Nəticədə isə yaşıl meydanda futbol mübarizəsindən çox, ehtiyat oyunçular skamyası ilə meydan arasında gediş-gəlişə şahidlik etmişik.

Hər şeyin bir həddi olmalıdı. Axı futbol yalnız məşqçilərin sınaq meydançası deyil, həm də tamaşaçı üçün nümayiş etdirilən oyundu. Onsuz da yüksək temp və baxımlı futbol baxımından böyük gözləntilər yaratmayan qarşılaşmada bu qədər dəyişiklik edilməsi matçın axarına ciddi təsir göstərib. Demək olar ki, hər dəyişiklik zamanı oyun dayanıb, futbolçuların meydanı tərk etməsi və yenilərin daxil olması müəyyən vaxt aparıb. Nəticədə oyunun onsuz da aşağı olan tempi daha da zəifləyib.

Bəs Azərbaycan və Andorra yığmaları arasında keçirilən görüşdə bu qədər əvəzetmə əvvəlcədən razılaşdırılmışdı? Tərəflər matçdan öncə bununla bağlı ortaq qərara gəlmişdi?

Bu məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat katibi Aida Əliyeva ilə əlaqə saxladıq. O isə dəyişiklik sayının əvvəlcədən razılaşdırıldığı təsdiqlədi. Yəni Ayxan Abbasov istəsəydi, daha iki dəyişiklik edə, həmkarı kimi bu sayı 11-ə çatdıra bilərdi. Amma yığmanın baş məşqçisi buna ehtiyac duymadı. Andorra 11 dəyişikliklə bizi ehtiyat oyunçular skamyasında, biz isə onları meydanda məğlub etdik…