Ağdamı sonuncu tərk edən, işğaldan sonra toylara pulsuz gedən xanəndə

Elə sənətkarlar var ki, səsləri illər keçsə də, köhnəlmir, ifaları zamanın yaddaşından silinmir. Bir mahnı ilə bütöv bir dövrü, bir elin-obanın həsrətini yaşadır və xalqa çatdırır.

Belə sənətkarlardan biri də Qarabağın musiqi mühitində yetişən mərhum xanəndə Qədir Rüstəmovdur. O, özünəməxsus səsi, muğama fərqli yanaşması və unudulmaz ifaları ilə Azərbaycan musiqi tarixində xüsusi yer tutub. Onun ifasında səslənən “Sona bülbüllər” isə bu gün də dinləyiciləri keçmişə aparan, sənətkarın adını yaşadan musiqi incilərindəndir.

Lent.az "Unudulan sənətkarlar" rubrikasında Azərbaycan Respublikasının Xalq artisti, xanəndə, muğam ifaçısı, Qarabağ xanəndəlik məktəbinin tanınmış nümayəndələrindən biri Qədir Rüstəmov haqqında məlumatları təqdim edir.

Doğumu və uşaqlıq illəri

Qədir Çərkəz oğlu Rüstəmov 1935-ci il noyabrın 20-də Ağdam rayonunda dünyaya gəlib. Əslən Şuşalı olan ailəsi 1915-ci ildən sonra Ağdama köçüb. 9 uşağın olduğu ailədə Qədir musiqi istedadı ilə seçilib.

Onun böyüdüyü mühitdə musiqi gündəlik həyatın ayrılmaz hissəsi idi. Qardaşları tar və kamança ifa edir, qohumları arasında da gözəl səsə malik insanlar olurdu. Ağdamın zəngin musiqi mühiti, el məclisləri və tanınmış xanəndələrin ifaları gələcək sənətkarın formalaşmasında mühüm rol oynayıb.

Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmovanın müsahibələrindən birində söylədiklərinə görə, ailənin yaşadığı məhəllədə bir sıra tanınmış musiqiçilər olurdu. Əbülfət Əliyev və Bahadur Mehrəliyev kimi sənətkarların həmin mühitdə balaca Qədirin musiqiyə marağını daha da artırırdı.

Təhsili və sənətə gəlişi

Qədir Rüstəmov Ağdam şəhərindəki 3 nömrəli orta məktəbdə təhsil alıb. Xanəndə daha sonra Üzeyir Hacıbəyov adına texnikumu bitirib, Asəf Zeynallı adına Musiqi Kollecində də təhsil alıb. Onun diplomları sonradan muzeyə təhvil verilib. Qədir Rüstəmov mütaliəyə böyük maraq göstərib, Xaqani Şirvani, İmadəddin Nəsimi və Seyid Əzim Şirvaninin qəzəllərini sevib, klassik rus və Avropa ədəbiyyatını oxuyub.

Sənətkarın ilk musiqi müəllimi Bahadur Mehrəliyev olub. O, hələ 5-6 yaşlarından oxumağa başlayıb. 11 yaşında Bahadur Mehrəliyev onu Xan Şuşinski ilə tanış edib. Xanəndə gənc Qədirin ifasını dinlədikdən sonra onun gələcəyinə böyük ümid bəslədiyini bildirib. Daha sonra Qədir Rüstəmov Seyid Şuşinski ilə də tanış olub. Onun sənət yolunun formalaşmasında bu ustad xanəndələrin mühüm rolu olub.

Sənət yolu və yaradıcılığının zirvəsi

Qədir Rüstəmovun ifaçılıq üslubu onu digər xanəndələrdən fərqləndirən əsas xüsusiyyətlərdən biri idi. O, muğamı yalnız texniki ustalıqla deyil, özünəməxsus avazı, səs imkanları və emosional təqdimatı ilə ifa edirdi.

Onun yaradıcılığında xalq mahnıları xüsusi yer tuturdu. "Sona bülbüllər", "Apardı sellər Saranı", "Nə üçün gəlməz", "Olmaz, olmaz", "Ay qız", "Sən getdin", "Reyhan", "Ay dili-dili", "Sarı gəlin" kimi mahnılar Qədir Rüstəmovun ifasında geniş dinləyici auditoriyasına çatıb. Xüsusilə “Sona bülbüllər” onun sənətinin simvollarından birinə çevrilib.

Xanəndənin ifasında səslənən “Rast” və “Çahargah” muğam dəstgahları Azərbaycan Radiosunun fondunda qorunub saxlanılır. Bu ifalar milli musiqi irsimizin qiymətli nümunələri hesab olunur.

Sənətkarın yaradıcılığı yalnız xanəndəliklə məhdudlaşmayıb. O, 1981-ci ildə çəkilmiş “Uzun ömrün akkordları” filmində klassik Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlunun obrazını canlandırıb.

Ailəsi və şəxsi həyatı

Qədir Rüstəmov şəxsi həyatını mətbuatdan uzaq saxlamağa üstünlük verən sənətkarlardan olub. Onun ailəsi haqqında məlumatların böyük hissəsi həyat yoldaşı Fatma Rüstəmovanın sonrakı illərdə verdiyi müsahibələr vasitəsilə ictimaiyyətə məlum olub. Fatma Rüstəmova ilə Ağdamda qonşu olublar. Həyat yoldaşının sözlərinə görə, Qədir müəllim onu görüb bəyənib və ailə qurublar. Onların iki oğlu və bir qızı dünyaya gəlib. Sənətkarın səkkiz nəvəsi olub.

Qədir Rüstəmov ailəsinə bağlı insan kimi xatırlanır. Həyat yoldaşı müsahibələrində onun övladlarını çox sevdiyini, ailəsinin qayğısına qaldığını və uşaqlarının çətinlik çəkməməsi üçün əlindən gələni etdiyini bildirib.

1990-cı illərdə Ağdamın işğalı ailənin də həyatını dəyişib. Məcburi köçkün həyatı yaşayan ailə bir müddət müxtəlif yerlərdə, o cümlədən Oğuzda məskunlaşıb və sonralar Bakıya köçüb. Buna baxmayaraq, Qədir Rüstəmovun Ağdamla bağlılığı heç vaxt qırılmayıb.

Prezident Heydər Əliyevlə münasibətləri

Həyat yoldaşı Fatma Rüstəmovanın xatirələrinə görə, Heydər Əliyev Q.Rüstəmovla görüşündə Qarabağ məsələsinə toxunaraq belə deyib: “Bizim bir qarış torpağımız ermənilərdə qalmayacaq. Sən bu gündən get, sənətini davam etdir, bu cür səsin var”. Fatma Rüstəmovanın sözlərinə görə, bu söhbətdən sonra Qədir Rüstəmov altı-yeddi muğam lentə yazdırıb.

1997-ci il fevralın 14-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Qədir Rüstəmov Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib. Həmin ilin fevralında Heydər Əliyev sənətkarı 60 illik yubileyi münasibətilə qəbul edib və ona təbrik məktubu ünvanlayıb. 2002-ci il iyunun 11-də isə sənətkara Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Ağdam sevgisi və Qarabağ həsrəti

Qədir Rüstəmovun həyatında Ağdamın xüsusi yeri olub. O, doğulduğu torpağa bağlılığı ilə seçilir, şəhərin işğalından sonra da Qarabağla əlaqəsini kəsmirdi. Həyat yoldaşı Fatma Rüstəmovanın sözlərinə görə, sənətkar tez-tez Quzanlıya, Azərbaycan əsgərlərinin yanına gedir, onlar üçün mahnılar ifa edir, ruh yüksəkliyi yaratmağa çalışırdı.

Məlumata görə, o, Ağdamın işğalı zamanı şəhəri sonuncu tərk edənlərdən biri olub. Sənətkarın ən böyük arzularından biri doğma şəhərinin azadlığını görmək və yenidən orada oxumaq olub. Hətta Ağdamın işğalından sonra xanəndə toylara pul müqabilində getməyib, dəvətləri qonaq qismində qəbul edib.

Vəfatı

Qədir Rüstəmov 2011-ci il dekabrın 14-də Türkiyənin İstanbul şəhərində, müalicə aldığı Acıbadem xəstəxanasında vəfat edib.

Xalq artistinin cənazəsi Azərbaycana gətirilib və Bakıda Birinci Fəxri xiyabanda dəfn olunub. Onun vəfatı Azərbaycan musiqi ictimaiyyəti üçün ağır itki olub. Dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri sənətkarın ölümü ilə əlaqədar başsağlığı veriblər.

Qədir Rüstəmovun ölümündən illər keçsə də, onun ifaları Azərbaycan musiqisinin yaddaşında yaşayır. O, muğamı özünəməxsus səs imkanları ilə təqdim edən, bir sıra xalq mahnılarını yenidən dinləyicilərə sevdirən sənətkar kimi xatırlanır.

Onun yaradıcılığının ən böyük xüsusiyyəti təkrarsız ifa tərzi idi. Qədir Rüstəmovun səsini başqalarından fərqləndirən yalnız güclü vokal imkanları deyil, mahnılara gətirdiyi duyğu və ifadə tərzi idi.

Bu gün də “Sona bülbüllər” səslənəndə dinləyicilərin yaddaşında ilk canlanan ifalardan biri Qədir Rüstəmovun ifasıdır. O, geridə böyük musiqi irsi və Azərbaycan xanəndəlik sənətində özünəməxsus bir məktəbə çevrilmiş ifa tərzi qoyub.