Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyindən getməsi və BDU-ya rektor təyin olunması ciddi müzakirələrə səbəb olub.
Bu dəyişikliklə bağlı ciddi fikir ayrılıqları sosial şəbəkələrdə aydın hiss olunur.
Bir qism hesab edir ki, Məleykə Abbaszadənin gedişi DİM-də köklü dəyişiklilərə gətirib çıxaracaq. Hətta qəbul imtahanlarının asanlaşacağını düşünənlər də var. Lakin fərqli fikirdə olan, habelə DİM-də yeni rəhbərliyin ciddi risklər yarada biləcəyini düşünənlər də mövcuddur.
Bir müddət DİM-də çalışmış Könül Aydın özünün Facebook hesabında yazıb ki, qurumun başına keçmək üçün bəzi qruplar hərəkətləniblər. Onun sözlərinə görə, FETÖ-çular daha çox fəaldırlar. “Bu gün səhərdən fetöcülər həşirdədirlər. Rüfət Əzizovu DİM-in sədri etmək üçün saytları onun şəkilləri ilə bəzəməkdən yorulmadılar. Açıq deyirəm, Rüfət Əzizov DİM-ə sədr gəlsə, Azərbaycandan əlinizi üzün, ölkəni Pensilvaniya idarə edəcək yaxın gələcəkdə. DİM-in rəhbəri olmaq üçün bircə nəfəri layiq bilirəm: Aydın Qasımovu. O adam bu iş üçün yetişib, hazırdır”.
Yazıda adı keçən şəxs və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.