Bakı, 20 noyabr, AZƏRTAC Noyabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və xor qrupu geniş proqramla səhnə alacaq.AZƏRTAC xəbər verir ki, gecədə orkestrə baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək. Konsert proqramının baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliyadır.Səhnədə orkestr və xor kollektivinin ifası ilə yanaşı, tanınmış solistlərin çıxışları da təqdim olunacaq. Belə ki, Almaz Orucova, Nurlan Əzizbəyli, Taleh Yahyayev, Nurlana Abdullayeva, Rəvan Qaçayev və Nisbət Sədrayeva öz ifaları ilə tamaşaçıların qarşısına çıxacaqlar. Bundan başqa, konsertdə instrumental ifaçılar - Anar Yusub (kamança), Məqsəd Əzizov (balaban), Fariz Baxşəliyev (qarmon) və Orxan Sultanov (zurna) da solo nömrələrlə çıxış edəcəklər.Xüsusi repertuarla seçilən konsert proqramında Azərbaycan və xarici ölkə bəstəkarlarının sevilən əsərləri səsləndiriləcək, həmçinin kollektivin rəqs qrupunun ifasında maraqlı xoreoqrafik nümunələr nümayiş olunacaq.Qeyd edək ki, bu il Azərbaycan Dövlət Akademik Filarmoniyası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı 90 illik yubileylərini qeyd edir. Konsertə biletləri şəhərimizin kassalarından əldə etmək mümkündür.
Doxsan ilik ənənə, musiqi və rəqs –Dövlət Mahnı və Rəqs Ansamblı səhnədə
Mənbə: azertag.az/xeber/doxsan_ilik_enene_musiqi_ve_reqs__dovlet_mahni_ve_reqs_ansambli_sehnede-4518579