Bakı, 20 noyabr, AZƏRTAC Aqrar Xidmətlər Agentliyi ölkə üzrə aqronomları vahid platformada bir araya gətirməyi, bitki sağlamlığının qorunması və məhsuldarlığın artırılması istiqamətində mövcud çağırışların müzakirəsi, təcrübə mübadiləsi və birgə həll yollarının müəyyənləşdirilməsi üçün əlverişli mühit yaratmağı hədəfləyir.AZƏRTAC xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, aqronomların dövri olaraq bir araya toplanması və bu cür görüşlərin ənənəvi xarakter alması qarşıya qoyulan əsas məqsədlərdəndir: “Görüşlərin mütəmadi keçirilməsi, nəzərdə tutulan tədbirlərin mütəxəssislərlə müzakirə olunması, icra prosesində yaranan problemlərin təhlil edilməsi və onların aradan qaldırılması üçün vaxtında müvafiq müdaxilələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır”. Sərdar Hacıyev bildirib ki, kənd təsərrüfatında ərzaq təhlükəsizliyinin təmin edilməsi həm də sahə üzrə mütəxəssislərin fəaliyyətindən asılıdır: “Bizim devizimiz olmalıdır ki, torpaq bizim mirasımızdır. Torpağın hər qarışında əməyi, biliyi və zəhməti olan insanlar aqronomlarımızdır. Torpağımızın sağlam qalması, münbitliyinin qorunması və gələcək nəsillərə ötürülməsi birbaşa mütəxəssislərin öhdəliyindədir”.O qeyd edib ki, dövlət kənd təsərrüfatının inkişafına dəstək mexanizmləri təqdim edir və bunun davamı olaraq sahədə görülən işlərin düzgün və vaxtında icrası xüsusi əhəmiyyət daşıyır: “Dövlət dəstəyini verir, mexanizmlərini yaradır, istiqaməti göstərir. Sertifikatlı toxum və tinglərin seçilməsi, əkinin vaxtında aparılması, iqlimə uyğun sortların müəyyənləşdirilməsi sahədə çalışan mütəxəssislərin təcrübəsindən asılıdır”.Agentlik sədri kənd təsərrüfatı məhsullarının yalnız istehsalının deyil, onların keyfiyyətinin, sağlamlığının və bazarda rəqabət qabiliyyətinin də diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məhsulun yetişdirilməsi ilə iş başa çatmır. İstehsal olunan məhsul həm bazar tələblərinə cavab verməli, həm də istehlakçı üçün təhlükəsiz olmalıdır. Ərzaq təhlükəsizliyinə nail olmaq üçün aqrar sahədə məhsuldarlığın artırılması, torpaqların münbitliyinin qorunması, düzgün aqrotexniki tədbirlərin həyata keçirilməsi və sağlam məhsul istehsalının təmin edilməsi vacib şərtlərdir.