BMTMM "ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar" adlı yeni hesabatını dərc etdi

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) "ŞƏT: Azərbaycanın iştirakı və əldə edə biləcəyi faydalar"adlı ingilis dilində yeni hesabatını dərc edib.

Bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin rəhbərliyi ilə hazırlanmış tədqiqatın redaktoru Mərkəzin aparıcı məsləhətçisi Vüsal Quliyevdir. Hesabatın hazırlanmasına ADA Universitetinin tələbələri də töhfə verib, tədqiqat çərçivəsində yerli və xarici ekspertlərlə müsahibələr aparılıb.

Hesabatda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri və təşkilatda iştirakının gələcək perspektivləri təhlil olunur. Əsas diqqət Azərbaycanın ŞƏT-də dialoq tərəfdaşı statusunu saxlaması və ya tamhüquqlu üzvlüyə doğru irəliləməsinin milli maraqlar baxımından nəticələri, tam üzvlüyün ölkəyə qazandıra biləcəyi siyasi, iqtisadi və strateji üstünlükləri, ŞƏT çərçivəsində iqtisadi, nəqliyyat-logistika, enerji və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi imkanlarına yönəldilir.

Həmçinin təşkilatın Çin, Hindistan və digər regional güc mərkəzləri ilə münasibətlərə təsiri, Azərbaycanın ABŞ və Qərb tərəfdaşları ilə əməkdaşlığına mümkün təsirlər, çoxşaxəli xarici siyasət və strateji balansın qorunması baxımından üzvlüyün yaratdığı imkanlar və çağırışlar müzakirə edilir.

Tədqiqatda, həmçinin ŞƏT-in yaranma tarixi, inkişaf mərhələləri, Avrasiyadakı geosiyasi əhəmiyyəti və beynəlxalq sistemdə artan rolu araşdırılır.

Hesabatın əsas məqsədi Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı üzrə mümkün ssenariləri qiymətləndirmək, təşkilatda iştirakın alternativ modellərinin üstünlüklərini və risklərini müəyyənləşdirmək, ölkənin milli maraqlarına və xarici siyasət prioritetlərinə uyğun qərarların qəbuluna analitik töhfə verməkdir.