Argentina millisinin əfsanəvi futbolçusu Lionel Messinin anası oğlunun milli komandadakı mümkün varisinin kim olacağını açıqlayıb.
Xarici mediaya istinadən, bu barədə Argentina millisinin futbolçusu Niko Pasın əmisi Fabian Pas danışıb.
Onun sözlərinə görə, Messinin anası oğlunun milli komandada keçirilən vida oyunu zamanı Niko Pası öz varisi kimi gördüyünü bildirib.
“Messinin vida oyunu zamanı Niko Pas soyunub-geyinmə otağından çıxanda onun anası ağlayırdı. Niko onu əvvəldən tanıdığı üçün yaxınlaşıb salamlaşdı. Messinin anası onun əlindən tutaraq “Sən mənim oğlumun varisi olacaqsan” dedi. Niko bu sözlərdən şoka düşdü və eşitdiklərinə inana bilmədi” – Fabian Pas deyib.
Məlumata görə, 39 yaşlı Lionel Messi təxminən ay yarım əvvəl doğma vətənində keçirdiyi vida oyununda sonuncu dəfə Argentina millisinin formasını geyinib.
Həmin vaxtdan bəri uzun illər Messinin daşıdığı 10 nömrəli forma milli komandanın soyunub-geyinmə otağında qalır və hələlik yeni sahibini tapmayıb.
2022-ci ilin dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olan Messinin gedişindən sonra Argentina azarkeşlərini ən çox maraqlandıran məsələlərdən biri də onun yerini kimin tutacağıdır.
Argentina futbolunun gələcək ulduzlarından biri hesab edilən Niko Pas isə əfsanəvi hücumçunun mümkün varisləri arasında göstərilir.