Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində formalaşmış tarixi dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə əsaslanır. Coğrafi baxımdan bir-birindən uzaqda yerləşən bu iki ölkəni ortaq tarixi təcrübə, milli müstəqillik uğrunda mübarizə, iqtisadi inkişafın müxtəlif mərhələlərində qarşılaşdıqları çağırışlar və beynəlxalq münasibətlər sistemində müstəqil mövqelərini möhkəmləndirmək istəyi birləşdirir. Bu münasibətlərin özünəməxsusluğu ondadır ki, Azərbaycan və Vyetnam arasında əməkdaşlığın təməli hələ diplomatik münasibətlər qurulmazdan əvvəl qoyulmuş, sonrakı onilliklərdə isə siyasi və iqtisadi tərəfdaşlığın inkişafı üçün mühüm zəmin formalaşdırıb. Bu fikirləri AZƏRTAC açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) Şərqi Asiya üzrə ekspert Vüsal Quliyev söyləyib. O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixi münasibətlər yeni siyasi reallıqlar əsasında davam etdirildi. 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər quruldu. 2013-cü ildə Azərbaycanın Hanoyda səfirliyinin fəaliyyətə başlaması, 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfəri siyasi dialoqun inkişafına əlavə təkan verdi. Beləliklə, əvvəlki dövrdə əsasən elmi-texniki və humanitar əməkdaşlıq üzərində qurulan əlaqələr müstəqil dövlətlər arasında çoxtərəfli tərəfdaşlıq xarakteri almağa başladı. İki ölkə arasında iqtisadi münasibətlər “Azərbaycan və Vyetnamın müasir tarixində diqqət çəkən məqamlardan biri onların iqtisadi transformasiya proseslərində müəyyən oxşarlıqların mövcud olmasıdır. Əlbəttə, bu iki ölkənin iqtisadi inkişaf modelləri, başlanğıc şərtləri və beynəlxalq iqtisadi sistemdəki mövqeləri fərqlidir. Vyetnam qlobal istehsal və ixrac zəncirlərinə inteqrasiya, Azərbaycan isə enerji resurslarının iqtisadi inkişaf üçün səfərbər edilməsi və regional bağlantı imkanlarının genişləndirilməsi üzərindən öz iqtisadi modelini formalaşdırıb. Hər iki ölkə üçün növbəti mərhələnin əsas məsələlərindən biri iqtisadiyyatın daha da şaxələndirilməsi, texnologiyaların tətbiqi, insan kapitalının inkişafı və yüksək əlavə dəyər yaradan sahələrin genişləndirilməsidir. Məhz bu baxımdan, Azərbaycan və Vyetnamın iqtisadi inkişaf təcrübələri bir-birini tamamlayan imkanlar yaradır. Vyetnamın istehsal və ixrac sahəsində qazandığı təcrübə, Azərbaycanın isə enerji, nəqliyyat-logistika, sənaye infrastrukturu və regional bağlantılar sahəsindəki imkanları ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırır”, - deyə ekspert qeyd edib. Enerji təhlükəsizliyi və resursların şaxələndirilməsi V.Quliyev bildirib ki, enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi, ilk növbədə, Vyetnam üçün mühüm əməkdaşlıq istiqamətidir. Azərbaycanın zəngin neft-qaz ehtiyatları, enerji infrastrukturunun inkişaf səviyyəsi və beynəlxalq enerji bazarlarında mövqeyi Vyetnam üçün praktiki əhəmiyyət daşıyır. Xüsusilə son illərdə Azərbaycan xam neftinin Vyetnama tədarükü bu sahədə əməkdaşlığın artıq konkret iqtisadi məzmun qazandığını göstərir. Bundan əlavə, Azərbaycan Vyetnam üçün Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropa bazarlarına çıxış baxımından əlverişli coğrafi mövqeyə malikdir. Xüsusilə Orta Dəhlizin inkişafı Vyetnamın Avrasiya məkanında nəqliyyat və logistika əlaqələrini şaxələndirməsi üçün yeni imkanlar yaradır. Cənub-Şərqi Asiyadan Avropaya uzanan ticarət marşrutlarının alternativləşdirilməsi, təchizat zəncirlərinin dayanıqlığının artırılması və tranzit imkanlarının genişləndirilməsi baxımından Azərbaycanla əməkdaşlıq Vyetnamın iqtisadi maraqlarına uyğundur. O qeyd edib ki, Azərbaycan da Vyetnamla ticarət və investisiya əlaqələrinin genişləndirilməsində maraqlıdır. Azərbaycanın enerji məhsulları, neft-kimya sənayesi, kənd təsərrüfatı və qida məhsulları Vyetnam bazarına çıxış imkanlarına malikdir. Eyni zamanda, Vyetnamın elektronika, sənaye avadanlıqları, tekstil və istehlak malları sahəsində istehsal potensialı Azərbaycan bazarı üçün maraq doğurur. Bu baxımdan, əməkdaşlığın yalnız xammal və enerji məhsullarının mübadiləsi ilə məhdudlaşmaması, daha geniş sənaye və investisiya tərəfdaşlığına çevrilməsi vacibdir. “Enerji əməkdaşlığı bu yeni mərhələnin ən real nəticələr verən istiqamətlərindən biridir. 2023-cü ildən etibarən Vyetnama 1,1 milyon tondan artıq Azərbaycan xam nefti tədarük edilib. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft emalı və neft-kimya sahəsində birgə layihələr iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün imkanlar yaradır. Bununla yanaşı, Vyetnamın enerji tələbatının artması fonunda mayeləşdirilmiş təbii qaz (LNG) təchizatı üzrə əməkdaşlıq da müzakirə edilə biləcək istiqamətlərdəndir.Bir sözlə, Azərbaycan və Vyetnam münasibətləri artıq yalnız keçmişin dostluq ənənələrinə söykənən əlaqələr deyil. Bu, qarşılıqlı iqtisadi maraqlar, strateji tərəfdaşlıq və genişlənən regional bağlantılar üzərində qurulan gələcək əməkdaşlıq modelidir”, - deyə Vüsal Quliyev əlavə edib. Müxbir- Günel Türksoy