Bakı, 20 noyabr, AZƏRTAC Azərbaycan elminin inkişafı, ölkənin elmi potensialının gücləndirilməsi və tədqiqat nəticələrinin praktik tətbiqinin təşviq edilməsi dövlətin elm siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Elm Fondu bu siyasətin həyata keçirilməsində iştirak edərək fundamental, tətbiqi və eksperimental tədqiqatların qrant mexanizmi vasitəsilə dəstəklənməsinə xüsusi önəm verir.Fonddan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, son illərdə müxtəlif elm sahələri üzrə qrant müsabiqələri təşkil edilib, aktual elmi problemlərin həllinə yönəlmiş tədqiqat layihələrinin maliyyələşdirilməsi həyata keçirilib. Maliyyələşdirilən layihələr təbiət, texniki, humanitar və ictimai elmlər daxil olmaqla müxtəlif istiqamətləri əhatə edib. Xüsusilə gənc alimlərin və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi Fondun diqqət mərkəzində olub.Azərbaycan Elm Fondu üçün qrant dəstəyinin səmərəliliyi yalnız ayrılmış vəsaitin həcmi ilə deyil, həm də maliyyələşdirilən tədqiqatların əldə etdiyi konkret elmi nəticələrlə qiymətləndirilir. Maliyyələşdirilməsi başa çatmış layihələr arasında elmi nəşrlərlə yanaşı, yeni tədqiqat imkanlarının formalaşdırılması və praktik tətbiq perspektivləri baxımından əhəmiyyətli nəticələr əldə edilmiş tədqiqatlar da var. Bu baxımdan üç layihənin nəticələrini xüsusi qeyd etmək olar.Birinci layihə “Yerli resurslar əsasında legirli poladlar və ferroərintilər istehsalı texnologiyalarının işlənməsi” adlanır. Layihənin rəhbəri Arif Məmmədovdur.Tədqiqat yerli resurslardan istifadə etməklə legirli poladların və ferroərintilərin istehsalı texnologiyalarının işlənməsinə həsr olunub. Layihənin elmi və tətbiqi əhəmiyyəti yerli xammal potensialının öyrənilməsi, metallurgiya sahəsində texnoloji həllərin inkişafı və gələcək sənaye tətbiqləri üçün elmi əsasların formalaşdırılması ilə bağlıdır. Layihənin nəticələri üzrə 10-dan çox elmi məqalə dərc edilib, həmçinin monoqrafiya nəşr olunub.İkinci layihə “Qarabağın daş dövrünə aid alət sənayesinin texno-tipologiyasının traseoloji və5 eksperimental analizləri” adlanır. Layihənin rəhbəri Əjdər Babazadədir.Bu tədqiqat Qarabağın qədim tarixinin, xüsusilə daş dövrünə aid əmək alətlərinin hazırlanma texnologiyalarının, tipoloji xüsusiyyətlərinin və istifadə izlərinin elmi metodlarla araşdırılmasına yönəlib.Layihə çərçivəsində aparılmış traseoloji və eksperimental tədqiqatlar regionun qədim maddi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Layihənin mühüm nəticələrindən biri Qarabağ Universiteti ilə birgə laboratoriyanın yaradılmasıdır. Bu laboratoriya arxeoloji materialların tədqiqi, müasir analiz metodlarının tətbiqi və gələcək elmi araşdırmaların aparılması üçün yeni imkanlar yaradır. Layihənin nəticələri üzrə 10-dan çox elmi məqalə dərc edilib.Üçüncü layihə “Nanostrukturlu ZrC, TiC və WC nazik təbəqələrin yüksək temperatur, radiasiya və korroziyaya dayanıqlı material kimi tətbiq imkanları” adlanır. Layihənin rəhbəri Hüseyn Hüseynovdur.Tədqiqat nanostrukturlu nazik təbəqələrin yüksək temperatur, radiasiya və korroziya kimi mürəkkəb təsir şəraitində istifadə imkanlarının araşdırılmasına həsr olunub. Bu istiqamətdə aparılan elmi araşdırmalar yeni nəsil funksional materialların yaradılması, qoruyucu örtüklərin inkişaf etdirilməsi və müxtəlif yüksək texnologiyalı sahələrdə tətbiq perspektivlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Layihənin nəticələri üzrə 10-dan çox elmi məqalə dərc edilib.Beləliklə, qeyd olunan üç layihə üzrə ümumilikdə 30-dan çox elmi məqalənin dərc edilməsi, bir monoqrafiyanın nəşri və Qarabağ Universiteti ilə birgə laboratoriyanın yaradılması qrant dəstəyinin konkret nəticələrini nümayiş etdirir.Bu nümunələr göstərir ki, elmi layihələrin maliyyələşdirilməsi yalnız tədqiqatların aparılmasına deyil, həm də yeni biliklərin formalaşmasına, elmi infrastrukturun inkişafına və əldə olunan nəticələrin gələcəkdə praktik istifadəsi üçün imkanların genişlənməsinə xidmət edir. Müxbir - Tünzalə Arazlı