Bakı, 20 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin reallıqlara əsaslanaraq, yalnız bugünkü deyil, qarşıdakı illərdə formalaşa biləcək beynəlxalq şəraiti də nəzərə almaqla həyata keçirdiyi vahid xarici siyasətin əsasını milli maraqlara söykənən bərabərhüquqlu əməkdaşlıq təşkil edir. Atılan bütün addımlar əvvəlcədən dərindən təhlil edilir, dəqiq planlaşdırılır, mümkün nəticələri bir neçə variantda proqnozlaşdırılır və həyata keçirilir. Növbəti belə addımlardan biri Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəridir. İlk olaraq sual yaranır: nə üçün Cənub-Şərqi Asiya regionu, nə üçün Vyetnam? Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib. O bildirib ki, Vyetnama səfər etməyin bir sıra səbəbləri var. Birincisi, Vyetnamın yerləşdiyi coğrafi-siyasi məkan dünya siyasətində və iqtisadiyyatında mühüm yer tutur. Vyetnam 1967-ci ildə yaradılmış, başlıca məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək, ticarəti inkişaf etdirmək, investisiyaları cəlb etmək, regionda sabitliyi qorumaq, dünya iqtisadiyyatında vacib mövqe tutan, regional iqtisadi və siyasi təşkilat olan, ümumi əhalisinin sayı təxminən 700 milyon nəfər təşkil edən, 11 ölkənin daxil olduğu, dünyanın beşinci ən böyük iqtisadi məkanı sayılan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının - ASEAN-nın üzvüdür. Mühüm maliyyə, bankçılıq, logistika və beynəlxalq ticarət mərkəzlərinin yerləşdiyi Cənub-Şərqi Asiya dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən regionlarından biridir. İkincisi, Çin və Hindistan kimi nəhəng dövlətlərin arasında yerləşən, okeanlara və dənizlərə çıxışı olan bu region əlverişli coğrafi-siyasi mövqeyi ilə cəlbedicidir. Üçüncüsü, Çin, Yaponiya, ABŞ, Avropa İttifaqı və digər iqtisadi mərkəzlərlə sıx ticarət əlaqələri saxlayan ASEAN ölkələri dünya iqtisadiyyatında və ticarətində sənaye, beynəlxalq ticarət, turizm, kənd təsərrüfatı, maliyyə, xidmətlər, xarici investisiyalar və sair ilə xüsusi yer tuturlar. Dördüncüsü, bu regionda zəngin təbii sərvətlər var. Nəhayət, böyük və ucuz əmək bazarı, xarici investisiyalar üçün əlverişli şəraitin olması regionun iqtisadi əhəmiyyətini artıraraq cəlbedici edir. Bu amillərin sayını artırmaq da olar. Amma bir məsələ aydındır ki, gələcəkdə ASEAN-ın dünya iqtisadiyyatında rolu daha da artacaq, mövqeləri möhkəmlənəcək. Musa Qasımlı qeyd edib ki, bu ölkəyə səfər ərəfəsində Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin bütün fəlsəfəsini açır. Azərbaycan dövlətinin xarici siyasətində başlıca meyar böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə münasibətlərində milli maraqların qorunması, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıqdır. Bəs ölkəmizin xarici siyasətində Vyetnamın yerini hansı amillər şərtləndirir? Münasibətlərin təməlləri Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, münasibətlərimizi bir sıra amillər şərtləndirir. Birincisi, ərazisi 331 min 212 kvadratkilometr, əhalisinin sayı isə 100 milyon nəfərdən çox olan Sakit okean hövzəsində yerləşən Vyetnam Cənub-Şərqi Asiya regionunda özünün geosiyasi mövqeyinə görə xüsusi yer tutur. Cənubi Çin dənizinə geniş çıxışı olan Vyetnam Azərbaycan üçün cəlbedicidir. İkincisi, Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika mərkəzi, dünyanı birləşdirən etibarlı körpüdür. Orta Dəhlizin imkanlarından istifadə etməklə Vyetnam Azərbaycan vasitəsilə Avropaya çıxa bilər. Azərbaycan Prezidentinin dediyi kimi, iki ölkənin qüvvələrinin birləşdirilməsi yeni bazarlara çıxmaq, birgə layihələri həyata keçirmək, biznes və investisiyalar üçün əlavə imkanlar yaratmaq deməkdir. Üçüncüsü, qarşılıqlı münasibətlərə tarixi əlaqələr güclü təsir göstərir. İki ölkə çoxtərəfli əsasda BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. “İki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dollardan artıq olması təkcə mövcud vəziyyəti əks etdirmir, eyni zamanda, bu sahədə böyük potensialın olduğunu göstərir. Neft və qaz sahəsində əməkdaşlıq edilir, Azərbaycan Vyetnam investisiyası üçün cəlbedici ölkədir. Vyetnam malları etibarlı tranzit olan Azərbaycandan keçərək Avropaya və əks istiqamətə daşınır. Nəhayət, ölkələrimiz və xalqlarımız arasında münasibətləri humanitar əlaqələr şərtləndirir. Azərbaycanda ali məktəblərdə təhsil almış yüzlərlə Vyetnam vətəndaşı bu gün ölkələrində müxtəlif sahələrdə işləyirlər.Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrin dərinləşdirilməsində müstəsna rolu var. Vyetnamda ibtidai məktəb binasının tikintisi, müxtəlif təhsil proqramlarının dəstəklənməsi və digər fəaliyyətlər münasibətləri daha da sıxlaşdırır. Fondun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri, Azərbaycan universitetlərinin vyetnamlı məzunları ilə keçirdiyi görüşlər, Hanoy Ticarət və Turizm Kollecinə edilən maliyyə dəstəyi əməkdaşlıqda iz buraxıb. Bütün bu amillər münasibətlərin təməllərinin möhkəm, perspektivlərinin isə geniş olduğunu göstərir. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfərinin əvvəlkilər kimi uğurlu olacağını indidən söyləmək olar”, - deyə Musa Qasımlı vurğulayıb.