Almaniya, Fransa, Böyük Britaniya və Ukrayna liderləri Rusiyanı qış ayları boyunca qüvvədə olacaq “enerji atəşkəsi”ni qəbul etməyə çağırıblar.
Bu barədə Berlində Almaniya kansleri Fridrix Mertsin ev sahibliyi ilə keçirilən Ukrayna üzrə “Könüllülər Koalisiyası” sammitindən sonra yayımlanan birgə bəyanatda bildirilib.
Bəyanatda Rusiyanın qış ayları ərzində enerji obyektlərinə hücumları dayandırmasını nəzərdə tutan atəşkəsi qəbul etməsinin münaqişənin sona çatdırılması istiqamətində ilk addım olacağı vurğulanıb. Qlobal ərzaq təhlükəsizliyi baxımından Qara dənizdə təhlükəsiz gəmiçiliyin və ərzaq ixracının təmin edilməsinin vacibliyi də qeyd olunub.
Liderlər Rusiyanın Ukraynadakı mülki əhaliyə raket və pilotsuz uçuş aparatları ilə hücumlarını, eləcə də Avropada təxribat, dezinformasiya və kiberhücumlar kimi hibrid fəaliyyətlərini pisləyiblər.
Bildirilib ki, Ukraynanın hava hücumundan müdafiə imkanları, xüsusilə ballistik raketlərə qarşı sistemlər qışdan əvvəl gücləndiriləcək.