Nqiem Vu Hay: İlham Əliyevin Vyetnama səfəri Bakı və Hanoy münasibətlərinin inkişafına təkan verəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verəcək.

"Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə Vyetnam və Azərbaycan Dostluq Assosiasiyasının fəxri prezidenti, ölkənin elm və texnologiyalar nazirinin sabiq müavini Nqiem Vu Hay (Nghiem Vu Khai) bildirib.

"Hazırda biz Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edirik. Düşünürəm ki, bu səfər siyasət, iqtisadiyyat, elm, texnologiya, təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verəcək", - o bildirib.

Onun fikrincə, səfərin yekunlarına əsasən iki ölkənin hökumətləri, böyük ehtimalla, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün fəaliyyət planı hazırlayacaqlar: "Düşünürəm ki, indi bunun üçün ən uyğun vaxtdır".

Nqiem Vu Hay hesab edir ki, Azərbaycan və Vyetnam tarixi dostluq ənənələrini XXI əsrin iqtisadi və texnoloji potensialı ilə birləşdirəcək yeni əməkdaşlıq modelinin formalaşdırılması üçün böyük imkanlara malikdir.

Perspektivli istiqamətlər sırasında o, energetika sahəsini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan neftin kəşfiyyatı, hasilatı və emalı sahəsində dünyada tanınmış təcrübəyə, Vyetnam isə dəniz enerji resurslarının mənimsənilməsi təcrübəsinə malikdir. Bununla belə, iki ölkənin qarşılıqlı fəaliyyətini bərpa olunan energetika, enerji səmərəliliyinin artırılması və yaşıl texnologiyaların tətbiqi hesabına genişləndirmək olar.

Vu Khayın fikrincə, əməkdaşlığın daha bir istiqaməti nəqliyyat-logistika və ticarət əlaqələrinin inkişafı ola bilər: "Azərbaycanın coğrafi mövqeyi Vyetnama ondan Qafqaza, Xəzər regionuna, Mərkəzi Asiyaya və Avropaya çıxış kimi istifadə etməyə imkan verir. Öz növbəsində, Vyetnam Azərbaycana Cənub-Şərqi Asiya ilə əlaqələrini gücləndirməyə və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrinin daha geniş bazarına çıxmağa kömək edə bilər".

Bundan əlavə, Nqiem Vu Hay elm, texnologiyalar, innovasiyalar və rəqəmsal transformasiya sahələrində qarşılıqlı fəaliyyətin perspektivlərinə diqqət çəkib. O cümlədən, o, süni intellekti, kənd təsərrüfatını və ətraf mühitin mühafizəsini xüsusi vurğulayıb.

Onun fikrincə, həmçinin təhsil və mədəniyyət mübadilələrini, o cümlədən təqaüd proqramları, birgə elmi tədqiqatlar, universitetlər arasında tərəfdaşlıq və gənclər təşəbbüsləri vasitəsilə genişləndirmək lazımdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib.