Dünyada ən çox istifadə edilən şifrələr - Sizinki siyahıdadır?

Dünyada ən çox istifadə olunan şifrələrin yeni siyahısı açıqlanıb. Araşdırma göstərib ki, milyonlarla insan hələ də asanlıqla tapıla bilən sadə şifrələrdən istifadə edir. Süni intellektin inkişafı isə şəxsi məlumatların oğurlanması riskini daha da artırır.

Xarici mediaya istinadla, NordPass şirkətinin hazırladığı hesabata əsasən, dünyada ən çox istifadə edilən şifrə yenə də “123456” olub.

Bu şifrə son səkkiz ilin yeddisində siyahının birinci pilləsində qərarlaşıb. İkinci yerdə “admin”, üçüncü yerdə isə “12345678” dayanır. “password” və “1234” kimi sadə şifrələr də ən çox istifadə olunanlar arasındadır.

Məşhur futbolçuların adları da şifrə kimi istifadə olunur

Araşdırmada insanların sevdikləri idmançıların, oyunların və məşhur ifadələrin adlarından da şifrə kimi istifadə etdikləri müəyyənləşib.

Ən çox rast gəlinən ad basketbolçu LeBron Ceyms olub. Siyahıda Messi, Lempard və Levandovski kimi futbolçuların adları da yer alıb.

Bundan başqa, “Roblox”, “Skibidi”, “Covid”, “Savage” və “Impostor” sözləri də geniş istifadə edilən şifrələr arasındadır.

Mütəxəssislər bildirirlər ki, bu cür şifrələr çox zəifdir və bir neçə saniyə ərzində sındırıla bilər.

Süni intellekt şifrələrin sındırılmasını sürətləndirir

NordPass mütəxəssislərinin fikrincə, süni intellekt texnologiyalarının inkişafı kibercinayətkarların işini asanlaşdırır. Artıq sadə şifrələri müəyyənləşdirmək və istifadəçi hesablarına giriş əldə etmək daha sürətli baş verir.

Şirkət xəbərdarlıq edir ki, illərdir edilən çağırışlara baxmayaraq, insanların şifrə seçmək vərdişləri ciddi şəkildə dəyişmir.

Şəxsi məlumatları necə qorumaq olar?

Mütəxəssislər istifadəçilərə sadə və təkrarlanan şifrələrdən uzaq durmağı tövsiyə edirlər. Hər hesab üçün fərqli və uzun şifrə seçmək, mümkün olduqda iki mərhələli təsdiqləməni aktivləşdirmək vacibdir.

Bundan əlavə, barmaq izi, üz tanıma və şifrə əvəzinə istifadə olunan təhlükəsiz giriş açarlarından (passkey) yararlanmaq məsləhət görülür. Şifrə menecerləri də mürəkkəb şifrələr yaratmağa və onları təhlükəsiz saxlamağa kömək edir.

Qeyd edək ki, NordPass-ın hesabatı 2025-ci ilin sentyabrından 2026-cı ilin sentyabrına qədər 44 ölkədə qeydə alınmış məlumat sızmaları və internetin gizli şəbəkələrində yayılan şifrələrin təhlili əsasında hazırlanıb.