Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçirilir - FOTO

Bu gün Bakıda “Süni intellekt dövründə güc və təsir – dəyişən kibermühitə regional baxış” mövzusunda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans işə başlayıb.

Konfransın əsas məqsədi strateji dialoq və bilik mübadiləsi üçün beynəlxalq platformanı inkişaf etdirmək, tərəfdaşlıqları gücləndirmək, eləcə də rəqəmsal məkanda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı etimadın təmin olunmasında diplomatiyanın roluna dair ortaq yanaşma formalaşdırmaqdır.

Konfransda dövlət rəsmilərinin, diplomatların, kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən rəhbər və ekspertlərin, həmçinin beynəlxalq təşkilatların və texnologiya şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində süni intellekt dövründə xarici siyasət, kiberalyanslar və strateji müstəqillik, texnologiya şirkətlərinin geosiyasi rolu, informasiya müharibəsi və deepfake texnologiyaları, kiberməkanda dövlətlərin məsuliyyətli davranışı və hesabatlılığı, eləcə də kritik infrastrukturun milli və transsərhəd kiberrisklərdən qorunması müzakirə olunacaq.

Qeyd edək ki, regionda Kiberdiplomatiya üzrə ilk Beynəlxalq Konfrans 2024-cü ildə Azərbaycanda keçirilib.