Kiberhücumların qarşısını almaq üçün dövlətlər birləşməlidir – Ziyafət Əsgərov

Kiberdiplomatiya dövlətlərin kiberməkanda məsuliyyətli davranışının təşviqi, transsərhəd risklərin idarə olunması və etimad mühitinin qurulması üçün ən vacib strateji alətlərdən birinə çevrilir.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, müasir dövrdə rəqəmsal məkanın gələcəyinə dair qlobal dialoqun aparılması və beynəlxalq səviyyədə birgə səylərin əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır.

Z.Əsgərovun sözlərinə görə, dünya süni intellektin, kiber imkanların və yeni nəsil texnologiyaların qlobal güc balansını yenidən formalaşdırdığı tarixi dönüş nöqtəsindədir.

“Bu texnoloji transformasiya sadəcə təhlükəsizlik mühitini dəyişmir. O, dövlətlərin xarici siyasət strategiyalarını, milli maraqlarını qoruma üsullarını və beynəlxalq alyansların xarakterini kökündən yeniləyir”, - deyə o bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, süni intellektin sürətli inkişafı informasiya müharibələrindən və “deepfake” texnologiyalarından tutmuş kiberhücumların mənbəyinin müəyyən edilməsinə və kritik infrastrukturun mühafizəsinə qədər yeni çağırışlar formalaşdırır.

O əlavə edib ki, iri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri strateji müstəqilliklə beynəlxalq tərəfdaşlıq arasında yeni və həssas balans tapmağa vadar edir.

Z.Əsgərov vurğulayıb ki, müasir dünyada rəqəmsal texnologiyalar dövlətlərin iqtisadi inkişafının, sosial rifahının və idarəetmə sistemlərinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Bununla yanaşı, texnoloji tərəqqi görünməmiş miqyasda kiberhücumlar, kritik infrastrukturlara yönələn hədəfli təhdidlər və hibrid müharibə elementlərini də özü ilə gətirir.

“Bu gün kiber təhdidlər artıq heç bir dövlətin təkbaşına qarşısını ala biləcəyi qlobal xarakter daşıyır. İstənilən dövlətin rəqəmsal sərhədlərinin təhlükəsizliyi əslində bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsidir”, - deyə o bildirib.

Milli Məclis sədrinin müavini bildirib ki, məhz bu reallıq yeni idarəetmə və əməkdaşlıq fəlsəfəsi olan kiberdiplomatiyanı ön plana çıxarır.

O qeyd edib ki, ənənəvi diplomatiya əsrlər boyu dövlətlər arasında münasibətləri coğrafi sərhədlər və siyasi sazişlər çərçivəsində tənzimlədiyi halda, kiberdiplomatiya coğrafi sərhədləri aşan virtual məkanda etimad mühitinin yaradılmasını, normativ çərçivələrin formalaşdırılmasını və ortaq təhlükəsizlik standartlarının tətbiqini tələb edir.

Z.Əsgərovun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda təşkil olunmuş ilk Kiberdiplomatiya Konfransı yalnız müzakirələr platforması ilə məhdudlaşmayıb, praktiki müstəvidə mühüm addımların atılmasına və kiberdiplomatiya üzrə təlim mərkəzinin yaradılması kimi strateji təşəbbüslərin irəli sürülməsinə səbəb olub.

O bildirib ki, həmin mərkəz regional və beynəlxalq səviyyədə birgə təcrübə mübadiləsinin aparılması, kibermüdafiə imkanlarının artırılması və dövlətlərarası etimad mexanizmlərinin praktiki müstəvidə qurulması üçün mühüm təməl formalaşdırıb.

“Bu gün keçirdiyimiz konfrans isə məhz həmin mərkəzin yaratdığı əməkdaşlıq ruhunun və qoyulmuş təməlin məntiqi davamı kimi çıxış edir”, - deyə o vurğulayıb.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Azərbaycan rəqəmsal transformasiya proseslərini uğurla həyata keçirən, eyni zamanda milli informasiya məkanının qorunmasına strateji önəm verən dövlətlərdəndir.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məsuliyyətli dövlət davranışı qaydalarına sadiqliyini daim nümayiş etdirib.

“Biz kiberməkanın sülh, əməkdaşlıq və iqtisadi tərəqqi zonası olaraq qalmasının tərəfdarıyıq”, - deyə Z.Əsgərov bildirib.

O əlavə edib ki, Bakıda bir araya gələn diplomatlar, dövlət rəsmiləri və sahə ekspertlərinin əsas məqsədi rəqabət mühitinə çevrilən rəqəmsal məkanda diplomatiyanın sabitliyə, təhlükəsizliyə və qarşılıqlı etimada necə töhfə verə biləcəyinə dair vahid və ortaq baxış formalaşdırmaqdır.

Z.Əsgərov, həmçinin Azərbaycanda kibertəhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

O bildirib ki, Azərbaycan cari ilin fevralında BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiq edib.

“Konvensiya informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlıdır”, - deyə o qeyd edib.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, konvensiyanın təsdiq edilməsi ilə Azərbaycanın kibercinayətkarlıqla mübarizə sahəsindəki beynəlxalq hüquqi çərçivəsi regional səviyyədən qlobal səviyyəyə yüksəlib.

Z.Əsgərovun sözlərinə görə, dəyişikliklərə əsasən, sahə üzrə dövlət kompüter insidentlərinə qarşı mübarizə mərkəzi, milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzi, informasiya infrastrukturu, kibertəhlükəsizlik, proaktiv kibertəhlükəsizlik tədqiqatı və kibergigiyena kimi anlayışlar müəyyən edilib.

O bildirib ki, qeyd olunan anlayışlara uyğun olaraq qanunda informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq hüquqi əsaslar yaradılıb.

“Eləcə də dövlət orqanlarının, habelə ictimai əhəmiyyətli infrastrukturun təhlükəsizliyi ilə bağlı müvafiq qayda və tələblərin hazırlanması tapşırılıb”, - deyə o əlavə edib.

Z.Əsgərov konfrans çərçivəsində aparılacaq müzakirələrin, irəli sürüləcək təşəbbüslərin və qurulacaq yeni əlaqələrin gələcəkdə daha təhlükəsiz və dayanıqlı rəqəmsal ekosistemin formalaşmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.