Azərbaycanda da həbsin bir günü iki gün hesab edilsinmi? - RƏY…

Bəzi ölkələrdə cinayət törətməkdə şübhəli bilinərək məhkəməyədək istintaq təcridxanasında saxlanan şəxslərin həbsdə keçirdiyi müddət sonradan təyin olunan azadlıqdan məhrumetmə cəzasına adi qaydada deyil, artırılmış əmsalla hesablanır. Məsələn, Rusiyada bir gün istintaq təcridxanasında saxlanma ümumi rejimli islah koloniyasında gün yarım, məskunlaşma koloniyasında (məskunlaşma koloniyası - Rusiyanın cəzaçəkmə sistemində nisbətən yüngül rejimli müəssisə növüdür) isə iki gün həbs cəzasına bərabər tutulur. Həbsxanalarda, ciddi və xüsusi rejimli islah koloniyalarında cəza çəkəcək şəxslər üçün isə bir gün elə bir gün hesablanır. Xüsusilə təhlükəli residivə görə məhkum olunanlara, eləcə də terrorçuluq və digər ağır cinayətlərə görə cəza alanlara da artırılmış əmsal şamil edilmir.

Beləliklə, Rusiyada hesablama əmsalı şəxsin hansı növ cəzaçəkmə müəssisəsinə göndərilməsindən və törətdiyi cinayətin xarakterindən asılıdır.

Hazırda Ermənistanda da istintaq təcridxanasında keçirilən vaxtın həbs cəzasına hesablanması qaydasının dəyişdirilməsi təklifi müzakirə olunur. Parlamentdə əvvlcə bir gün istintaq təcridxanasında saxlanmanın iki gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulması barədə qanun layihəsi irəli sürülüb. Hökumət isə layihəni bir qədər düzəlişlə qəbul etmək təklifini verib. Hökumət bəyan edib ki, az ağır və orta ağır cinayətlərə görə məhkum olunan şəxslərin istintaq təcridxanasında keçirdiyi bir günlük həbs cəzası gün yarım kimi hesablansın, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlara isə bu güzəşt şamil edilməsin. Təkliflər hələ ki, parlamentin müzakirəsindədir.

İstintaq təcridxanasında saxlanan şəxslərin həbsdə keçirdiyi müddətin azadlıqdan məhrumetmə cəzasına adi qaydada deyil, artırılmış əmsalla hesablanması təcrübəsinin Azərbaycanda da tətbiqinə ehtiyac varmı?

Medianews.az bu sualla hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Əkrəm Həsənov bildirib ki, belə bir təcrübə yalnız bir neçə ölkədə tətbiq olunur: “Dünyanın çox ölkəsində belə bir qayda yoxdur.

Şəxsən mən bu qaydanın Azərbaycanda tətbiq olunmasına razı deyiləm. Çünki belə bir yanaşma ilk növbədə ədalətsiz yanaşmadır. Hesab edək ki, eyni cinayətə görə iki nəfərə 10 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlardan biri öncədən təcridxanada saxlandığı müddət artırılmış əmsalla hesablandığı üçün daha az, digəri isə daha uzun müddət cəza çəkməli olacaq. Bu, ədalətsizlikdir. Həmçinin belə bir praktikaya yol açılması sui-istifadə hallarına da imkan yarada bilər. Kimsə bilə-bilə məhkəmə prosesini (o cümlədən apellyasiya instansiyasında, Ali Məhkəmədə) uzatmaqda maraqlı ola bilər. Hətta bəzi hakimlərlə sövdələşməyə də gedə bilər. Bax, buna görə mən tək-tük ölkədə tətbiq edilən bu praktikanın ölkəmizə gətirilməsinə razı olmazıdm”.

Qeyd edək ki, sözügedən mexanizm Kanadada da tətbiq olunur. Lakin bu ölkədə artırılmış hesablama avtomatik tətbiq edilmir. Kanada Cinayət Məcəlləsinin 719-cu maddəsinə görə, ümumi qayda istintaq təcridxanasında keçirilən bir günün bir gün həbs cəzası kimi hesablanmasıdır. Müstəsna hallar olduqda isə məhkəmə bir günü gün yarım hesab edə bilər.

Kanada Ali Məhkəməsinin 2014-cü ildə çıxardığı qərarda bu yanaşma izah olunub. Qərara əsasən, şəxsin məhkəməyədək həbsdə olduğu müddətdə vaxtından əvvəl azadlığa çıxmaq və şərti azad edilmək imkanlarından məhrum qalması artırılmış əmsalın tətbiqinə əsas verən hallardan biri ola bilər. Ona görə də məhkəmə konkret işin hallarını nəzərə alaraq bir gün həbsdə saxlanmanı gün yarım hesab edə bilər.

Cənubi Afrika Respublikasında da məhkəməyədək həbsdə saxlanma müddətinin cəzanın hesablanmasına təsirinə dair məhkəmə təcrübəsi var. Bu ölkədə də Kanadadakı kimi bir günün avtomatik olaraq artıq hesablanmasını nəzərdə tutan qanunvericilik norması yoxdur. Amma məhkəmələr hər bir işin hallarını ayrıca qiymətləndirib istintaq təcridxanasında saxlanma müddətini məhkəmə işlərində ikiqat hesablaya bilər.

Bu zaman təcridxanalarda saxlanan şəxslərin reabilitasiya və təhsil proqramlarından, vaxtından əvvəl azadlığa çıxmaq imkanlarından yararlana bilməməsi, yaxşı davranışa görə güzəştlər əldə etməməsi, istintaq təcridxanasında saxlanma şəraitinin cəzaçəkmə müəssisələrindən daha ağır olması kimi hallar mühüm rol oynayır.