Paris, 18 noyabr, AZƏRTAC Fransanın Po (Pau) şəhərində “BA Cultural Center”in təşkilatçılığı ilə “Həyat xalçası” layihəsinin üçüncü emalatxanası səmimi və yaradıcı şəraitdə keçirilib. Kəşf, təcrübə mübadiləsi və ənənələrin nəsildən-nəslə ötürülməsi məqsədi daşıyan görüş iştirakçılara ənənəvi xalçaçılıq sənətini daha yaxından tanımaq imkanı yaradıb.AZƏRTAC xəbər verir ki, emalatxana çərçivəsində iştirakçılar yun əyirilməsindən xalça toxunmasına qədər tekstil sənətinin müxtəlif mərhələləri ilə tanış olublar. Yun emalı sənətinə xüsusi maraq göstərən Dorote Dödon yun liflərinin ipə çevrilməsi prosesini nümayiş etdirərək, bilik və təcrübəsini bölüşüb. Onun təqdimatı ənənəvi üsulları praktiki şəkildə öyrənməyə və bu sənətin incəliklərini daha dərindən anlamağa şərait yaradıb.Görüşün ən yaddaqalan məqamlarından biri emalatxananın iştirakçısı Sofinin şəxsi hekayəsi olub. O, xalça toxumağı öyrənməyin çoxdankı arzusu olduğunu və “Həyat xalçası” layihəsi sayəsində nəhayət, bu istəyini reallaşdırmaq imkanı qazandığını bildirib. Sofi bu sənəti öyrənməyə davam etmək və biliklərini daha da təkmilləşdirmək niyyətində olduğunu vurğulayıb.Bu hekayə layihənin əsas missiyasını – ənənəvi sənətkarlıq biliklərini hər kəs üçün əlçatan etmək, insanlar arasında mədəni əlaqələr yaratmaq və kollektiv yaradıcılığı təşviq etmək məqsədini aydın şəkildə əks etdirir.Layihə regional medianın da diqqətini cəlb edib. Fransanın nüfuzlu regional nəşrlərindən biri olan “Sud Ouest” qəzeti bu mədəni və humanist təşəbbüsə maraq göstərib.“BA Cultural Center”in təsisçisi Billura Bernardın sözlərinə görə, “Həyat xalçası” yalnız tekstil sənətinə həsr olunmuş layihə deyil, həm də ənənələri bölüşmək, sənətkarlıq biliklərini gələcək nəsillərə ötürmək və birlikdə ortaq yaddaş yaratmaq təşəbbüsüdür.