Fransa hərbçilərinin Ukraynada olduğu təsdiqləndi

Fransa hərbçiləri Ukrayna ərazisindədirlər. Lakin rəsmi Paris onların döyüş əməliyyatlarında iştirak etmədiyini bildirir.

Bunu Fransanın Müdafiə Nazirliyi yanında nazir-deleqat Alis Rüfo təsdiqləyib.

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada hökumət saatı zamanı çıxış edən Rüfo bildirib ki, Paris uzun müddətdir Ukraynaya artilleriya sistemləri, döyüş aviasiyası, hava hücumundan və raket hücumlarından müdafiə vasitələri göndərir. Həmçinin Fransa bir neçə ildir Ukrayna hərbçilərinin Fransa və Polşada hazırlanmasını təşkil edir.

"Bu kontekstdə, bəli, Ukraynada müdafiə məsələləri üzrə missiya ilə sıx əməkdaşlıq edən koordinasiya strukturu həqiqətən də mövcuddur. Bu struktur zərurət yarandıqca məqsədyönlü təlimlər keçirməyə, eləcə də hərbi avadanlıqlara texniki xidmət göstərməyə və onları təmir etməyə imkan verir", - deyə Rüfo qeyd edib.